"Demək olmaz ki, qayda pozuntuları kütləvi xarakter alıb" - Hüquqşünas

Adəm Məmmədov: "Bütün dünyada bu tendensiya var; qaydalara riayət edənlər də olur, “dəli”si, sözəbaxmayanı da..."

Hökumət koronavirusla mübarizədə cəzaların sərtləşdirilməsini zəruru görür. Baş nazir Əli Əsədov karantin nəzarətinə götürülmə qaydalarına dəyişiklik edilməsinə dair qərar imzalayıb.

Qərara əsasən bundan sonra karantin qaydalarını pozan şəxslər təkcə İnzibati Xətalar Məcəlləsi ilə deyil, həmçinin Cinayət Məcəlləsi ilə məsuliyyət daşıyacaqlar.

Yəni, karantin qaydalarının pozulması həm də cinayət tərkibli əməl hesab ediləcək. Deməli, karantin qaydalarını pozanlar, qoruyucu maska taxılması və sosial məsafə saxlanması zəruri hesab edilən yerlərdə bu qaydalara əməl etməyənlər yalnız cərimələrlə yaxa qurtara bilməyəcək, həm də cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Qaydaları pozan şəxslərlə bağlı sərt tədbirlərə gedilməsini ictimaiyyətdə alqışlayanlar var və onlar hesab edir ki, karantin qaydalarına etinasız yanaşanlar, bununla da virusa yoluxma hallarının sayının artmasına səbəb olanlar ciddi və sərt cəzalanmalıdır. Məlumdur ki, bu həftə sonu – bazar və bazar ertəsi günü üçün elan edilmiş xüsusi sərtləşdirilmiş karantin rejiminin əhatə dairəsi bir qədər də genişləndirilərək Kürdəmir, Yevlax, Salyan, İsmayıllı da əlavə edilib. Lakin sosial şəbəkələrdə bölgələrdə yas mərasimlərinin əvvəlki qaydada – kütləvi keçirildiyi xəbərləri yayılır. Virusa yoluxma hallarının da məhz belə kütləvi mərasimlər zamanı daha çox baş verdiyi bildirilir. Bəs rayon rəhbərliyi, icra strukturları, yerli idarəetmə məmurları hara baxır, qaydaların pozulduğunu görmür?  Belə olan halda qaydaların pozulmasına görə cinayət məsuliyyətinin nəzərdə tutulmasına haqq qazandırmamaq da olmur. Bəlkə məmurlar səhlənkarlıqlarının cəzasını alsalar, sıravi vətəndaşlar da qaydalara əməl etməyə meyllənər. 

Hüquqşünas Adəm Məmmədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, karantin nəzarətinə götürmə qaydalarına dəyişiklik edilməsi yoluxma hallarının qarşısının alınması məqsədi daşıyır, lakin: 



- Qaydaların sərtləşdirilməsi heç də hər zaman gözlənilən effekti vermir. Sərt cəzalar cəmiyyətin daha çox kriminallaşmasına gətirib çıxarır. Qaydaların sərtləşdirilməsi nəticəsində saxlanılanların sayı arta bilər, bu da öz növbəsində həbs olunanların sayını artıracaq ki, ədliyyə sistemində bu, o qədər müsbət hal hesab edilmir. Çünki insanlar həbs edildikdə, buna alışır və həbs olunmaq getdikcə adi hala çevrilir, bundan çəkinməməyə, qorxmamağa başlayırlar, “bir neçə sutka “oturub çıxaram” düşünürlər. Pandemiya dövründə əgər vətəndaşların qaydalara daha çox əməl etməsini istəyiriksə, təbliğat və təşviqata üstünlük verilməli, maarifləndirmə istiqamətində iş aparılmalı, televiziyada xüsusi proqramlar hazırlanmalıdır. İnsanlar qaydalara riayət etməyə çalışır. Demək olmaz ki, qayda pozuntuları kütləvi xarakter alıb. Bütün dünyada bu tendensiya var; qaydalara riayət edənlər də olur, “dəli”si, sözəbaxmayanı da. Hamıdan eyni münasibət, eyni davranış sərgiləməsini gözləmək sadəlövhlükdür. Amma bölgələrdə, eləcə də paytaxtda insanların kütləvi surətdə mərasimlərə, məclislərə toplaşması baş veririsə, burada artıq yerli icra və hüquq-mühafizə orqanları məsuliyyət daşıyır. Çünki bu orqanlar daim fəaliyyətdə olmalı, nəzarəti bir an belə zəiflətməməli, kütləvi mərasimlərin keçirilməsinin, insanların qapalı məkanlara toplaşmasının qarşısını almalıdırlar. Belə hallarda, bəli, həm qaydaları pozanlara qarşı, həm də qaydaların pozulmasına göz yumanlara qarşı sərt cəzalar tətbiq edilməlidir.