Haqq səsimiz dünyada eşidilir: “Azərbaycanın işğaldakı əraziləri" ifadəsi sənədlərdə...”

Dünən Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar.

 Bəyanatda "Azərbaycanın işğal altında olan əraziləri" ifadəsi işlədilir. Bu da Avropa təsisatları tərəfindən işğal faktının təsdiq olunduğunu göstərir. 

Sözügedən faktla bağlı “Sherg.az”a münasibət bildirən politoloq İlqar Vəlizadə bildirib ki, bu, təəccüblü olmamalıdır:

“Bütün beynəlxalq sənədlərdə həmin ifadə işlədilir. Ancaq bunlara adekvat münasibət göstərilmir. Faktlar onu deməyə əsas verir ki, Ermənistanın mövqeyi bu məsələdə çox zəifdir. Bəzən Dağlıq Qarabağın mübahisəli bölgə olduğunu deyirlər. Lakin  yeddi rayon birmənalı olaraq bizim tarixi ərazilərimiz, bəyanatda da qeyd edildiyi kimi, erməni işğalında olan torpaqlarımızdır. Əgər belədirsə, deməli, biz tez-gec, nə yolla olursa olsun, torpaqlarımızı azad etməliyik. Başqa yolu yoxdur. Bəyanatda işlədilən ifadəyə əsasən Azərbaycanın haqq səsinin dünyada eşidildiyini söyləyə bilərik”.