Qərar alqışlandı:“ İnsanlar məsuliyyətini başa düşmür, ona görə cərimə...”

“Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nda dəyişiklik edilib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, karantin rejimini pozan şəxslər İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar. 

Bunadək karantin rejimini pozan şəxslər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunurdular.



 Baş nazirin qərarı ilə bağlı “Sherg.az”a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bunu müsbət qiymətləndirib:

“Ümumiyyətlə, Qanunda nəzərdə tutulub ki, bilərəkdən yoluxucu xəstəlikləri yayan şəxs Cinayət məcəlləsi ilə məsuliyyətə cəlb olunmalıdır. İndiki halda belə bir qərarın qəbul edilməsi çox yaxşıdır. Çünki vəziyyət kifayət qədər ciddidir. İnsanlar isə məsuliyyətlərini başa düşmür, hələ də etinasızlıq nümayiş etdirirlər. Yəqin, bundan sonra çoxu daha diqqətli olacaq”. 
 
M.Zeynalovanın fikrincə, 211-ci maddə bir müddətdən sonra ümumiyyətlə yararsız ola bilər: 

“Əlbəttə, nə vaxtsa  koronavirus pandemiyası bitəcək. Nəticədə həmin maddəyə ehtiyac qalmayacaq və Qanundan çıxarılacaq. Ancaq hələlik mövcud təhlükəyə qarşı uğurla mübarizə aparmaq məqsədilə cəza tədbirlərini zəruri hesab edirəm”.