Yeni imtahan modelindən üzüağ çıxa bilirikmi?! - ƏTRAFLI İZAH

“Test tapşırıqlarının ağırlıq səviyyəsinin mövcud vəziyyət nəzərə alınamqla təşkil edilməsi şagirdlərin nəticələrinə müsbət təsir göstərəcək”



Uzun fasilədən sonra 9 və 11illik orta təhsil səviyyəsi üzrə buraxılış, eyni zamanda qəbul imtahanları keçirilib.  Bu il təşkil olunan imtahanlar pandemiya səbəbindən tamamilə yeni formatda təşkil edilib. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün istifadə etməli idilər. Bütün imtahan boyu şagirdlərə maskanı çıxarmaq qadağan idi və bütün proses boyu istifadə olunmalı idi. 
Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov imtahan prosesi ilə bağlı ümumi vəziyyət və qayda pozuntularının olub-olmadığına dair fikirlərini “Sherg.az”la bölüşüb.
Ekspert bildirib ki, Təhsil Xidmətləri Araşdırma və Təhlil mərkəzi olaraq bir neçə imtahan binasının qarşısında monitoriq aparıblar:

“Düşünürdük ki, uzun müddət orta məktəblərdə və hazırlıq kurslarında, repititorluqda ənənəvi dərslərin dayanması qəbul imtahanlarının nəticəsinə təsir göstərəcək. Çünki heç də bütün şagirdlər onlayn dərslərə qoşula bilmədi və bu dərslərin də keyfiyyəti ənənəvi dərslərlə müqayisədə aşağı idi. Bundan başqa imtahanlarda situasiya tipli testlərdən istifadə də imtahan nəticələrinə mənfi təsirini göstərəcək. Əvvəlki illərlə müqayisədə bu il abituriyentlər sistemli şəkildə ali məktəblərə hazırlaşa bilmədilər. İmtahandan çıxan şagirdlər imtahanları yaxşı verdiklərini, onların imtahan nəticələrinin yaxşılaşmasına Təhsil Nazirliyinin təşkil etdiyi “Teledərslər”in və Virtual məktəbin böyük köməyi olduğunu bildirdilər. Digər tərəfdən şagirdlər DİM-in pulsuz onlayn sınaq imtahanlarının olmaması, qəbul imtahanlarını təşkil etməsi nəticədə 3 martdan dayanmış tədrisdən sonrakı zamanda bilik və bacarıqlarının artmasına, öyrəndiklərini təkrarlamağa imkan verdiyini bildirdilər”. 



Ekspertin fikrincə, imtahan zamanı DİM tərəfindən təqdim edilən test tapşırıqlarında mart ayından sonrakı mövzulardan sualların olmaması, test tapşırıqlarının ağırlıq səviyyəsinin mövcud vəziyyət nəzərə alınamqla təşkil edilməsi şagirdlərin nəticələrinə müsbət təsir göstərəcək:

“Hesab edirəm ki, bugünkü formatda mövcud şəraitdə bütün növ imtahanların təşkili mümkündür. Bu imtahan qrafiklərini vaxtında yerinə yetirməyə imkan verəcək. Düzdür, bəzi şagirdlər zala daxil olmadan öncə hərarəti yoxlanılmasından narahat olsalar da, bu istiqamətdə ciddi bir problem yaşanmadı. Hesab edirəm ki, yeni imtahan modelindən üzüağ çıxa bildik. Amma təəssüflər olsun ki, hələ də şagirdlər arasında imtahana kənar materiallar ilə gəlməyə cəhd edənlər var idi. Bu da onların imtahan müqəddəratını həll edib. Eyni zamanda ilk imtahan həftəsində yüksək temperatur səbəbindən 25 şagirdin imtahana buraxılmaması onların təhsil hüququnun məhdudlaşdırılmasıdır. Hesab edirəm ki, növbəti həftələrdə onlara şərait yaradılmalıdır”.