YAP-çı deputatdan sərt mesaj: “Dağlıq Qarabağla bağlı qətiyyətli addımlar atılacaq”

"Nəticəni  proqnozlaşdırmaq isə o qədər də çətin deyil”

“Ortada hamıya yaxşı məlum olan Aprel döyüşləri və Günnüt əməliyyatı təcrübəsi var”

Ermənistan bunlardan dərs çıxarmalı və mövcud status-kvonu legitimləşdirmək cəhdlərinə son qoymalıdır”




Avropa Parlamentinin Azərbaycan və Ermənistan üzrə məruzəçiləri Dağlıq Qarabağa çəkiləcək yeni magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub.
Vurğulanıb ki, hansısa magistralın inşası qərarı Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan alınıb və beynəlxalq hüquq pozulub: “Bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edir. Buna görə də sözügedən təşəbbüsdən çox təəssüflənirik. Çünki bu, etimad, sülh və barışıq üçün mühit yaratmağa kömək etmir”. 

Ermənistanla və Dağlıq Qarabağı birləşdirəcək üçüncü yolun çəkilişi məsələsi Azərbaycan ictimaiyyətində ciddi etirazlara səbəb olur. 



Millət vəkili,  siyasi elmlər doktoru Hikmət Babaoğlunun sözlərinə görə, Avropa Parlamentinin  hər   üç Cənubi Qafqaz Respublikası üzrə Parlament Əməkdaşlıq Komitəsinin  birlikdə Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatı hər şeydən öncə bu təşkilatın beynəlxalq hüuqa və bu hüquqda təsbit edilmiş dözvlətlərin əzrai bütövlüyü prinsipina obyektiv və ədalətli yanaşması kimi başa düşülməlidir:


"Bu mövqe eyni zamanda  digər beynəlxalq təşkilatlar,  ilk növbədə isə ATƏT –in Minsk Qrupu üçün nümunə olmalıdır.  Məsələ ondadır ki, işğalçı Ermənistan regionda işğalçılıq siyasətini davam etdirməklə bərabər,  həm də mövcud nəqliyyat kommunikasiya xəritəsini dəyişməyə cəhd göstərir. Bunun üçünsə işğal altında olan Azərbaycan torpaqlarından istifadə edir. 

Bu  davranış isə qəbul edilməzdir. Haqlı olaraq Avropa Parlamentinin Əməkdaşlıq Komitəsinin bəyanatında da bu məsələ önə çəkilərək Azərbaycanın ərazi bütövlüyünə vurğu edilir. Eyni zamanda bəyanatda problemin sülh yolu ilə həll edilməsi çağırışı da var ki,  bu da hazırda ən aktual məsələdir" . 

Azərbaycanın  öz torpaqlarının bundan sonra da uzun müddət işğal altında qalmasına dözüm göstərməyəcəyini vurğulayan deputat deyib ki,  mütləq qətiyyətli addımlar atacaq:

"Nəticəni  proqnozlaşdırmaq isə o qədər də çətin deyil.  Ortada hamıya yaxşı məlum olan Aprel döyüşləri və Günnüt əməliyyatı təcrübəsi var . Ermənistan bunlardan dərs çıxarmalı və mövcud status-kvonu legitimləşdirmək cəhdlərinə son qoymalıdır. Əgər yeni nəqliyyat kommunikasiyası yaratmaqla  işğal etdiyi Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirərək  beynəlxalq ictimaiyyəti fakt qarşısında qoymaq istəyirsə, kökündən səhv  edir. Çünki Azərbaycan buna  heç vaxt yol verməyəcək və öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun mütləq bərba edəcək".