“Avropa Ermənistanın ikili oyun oynadığını göstərir və...”

“Başa düşür ki, müharibənin başlanması Cənubi Qafqaz üçün ciddi təhlükədir”

“Ona görə də Ermənistana bu cür çağırışlar edir”



Ötənlərdə Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar.

Sənəddə göstərilir ki, tərəflərin səmimi danışıqlara dəvət olunması çağırışının ünvanı da məhz Ermənistandır. Çünki beynəlxalq ictimaiyyət də danışıqlarda maraqlı olduğunu iddia edən, lakin işğal olunmuş ərazilərdə qeyri-qanuni əməliyyalar həyata keçirən rəsmi Yerevanın sözü ilə əməlinin bir-birinə tərs mütənasib olduğunu müşahidə edir.

Bəyanatda qeyd olunanlarla bağlı “Sherg.az”a danışan politoloq Elxan Şahinoğlunun fikrincə, bu, tam təbiidir:

“İndiyə kimi müxtəlif beynəlxalq sənədlərdə Ermənistanın haqsız mövqeyi qeyd olunub. Həmin fakt bu bəyanatda da vurğulandı. Çünki Ermənistanın sözü  ilə əməli üst-üstə düşmür. Düşmən dövlət bir tərəfdən sülh istədiyini desə də, digər tərəfdən təxribatlardan əl çəkmir. Dağlıq Qarabağda keçirilən inaqurasiya mərasimi, həmçinin üçüncü yolun çəkilişi bunu sübut edir. Avropa da Ermənistanın ikili oyun oynadığını göstərir və başa düşür ki, müharibənin başlanması Cənubi Qafqaz üçün ciddi təhlükədir. Ona görə də Ermənistana bu cür çağırışlar edir”.