"Öz maaşımdan 20 nəfərə bilet almağı öz öhdəmə götürürəm" - Fazil Mustafa

“Bu gün Milli Məclisdə Naxçıvana getməli olan, eyni zamanda Naxçıvandan Bakıya gəlməli olan vətəndaşların problemini qaldırdım”. 

“Sherg.az” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa feysbuk profilində yazıb.

Deputat vurğulayıb ki, hökumət ancaq “online” bilet almağa imkan tanıyıb: 

“Elə insan var ki, nə interneti, nə də kartı var. Bilet almaqda qeydiyyat məsələsi məhdudiyyəti də qoyulub. Nə qeydiyyatdır bu? Kimlər qalıbsa siyahıya alın göndərin, əlavə sıxıntı niyə yaradırsınız? Üstəlik, bilet pulu da yoxdur. Maliyyə nazirinə müraciət etdim ki, təcili əlavə təyyarələr üçün pul ayrılmalıdır. Bilet pulu olmayan vətəndaşlar dövlət hesabına biletlə təmin olunmalıdır. Əgər vəsait yoxdursa, şəxsən mən öz maaşımdan 20 nəfərə bilet almağı öz öhdəmə götürürəm. Hesabı göstərsinlər, ora keçirim. Bunlar xarici ölkə vətəndaşı deyillər, 3 aydır evlərindən didərgin düşüblər, ana gedib Naxçıvanda əsgərlikdəki oğluna baş çəkməyə, yol bağlanıb qalıb orada. Üç aydır xeyirxah insanların gətirdiyi azuqə ilə ayaqda qalır. Naxçıvanlıları bu ağır şəraitdən çıxması üçün bütün zəruri addımlar atılmalıdır”.