“İki gün dözüm nümayiş etdirməliyik” - Arxayınlaşmaq olmaz !

“Biz nə qədər tez yenidən əvvəlki həyatımıza qayıtmaq istəyiriksə, qaydalara vaxtında və düzgün riayət etməliyik”



“Həftəsonu məhdudiyyətləri təkcə Azərbaycanda deyil, digər dövlətlərdə də tətbiq olunub və kifayət qədər uğurlu nəticələri var”
Bunu “Sherg.az”a açıqlamasında Sosial Media Mərkəzinin (SMM) direktoru Azər Niftiyev deyib. 
Jurnalist bildirib ki, hər bir vətəndaş özünü və cəmiyyəti qorumaq üçün bütün tələblərə riayət etməlidir: 

“Azərbaycan əhali sayına görə, Ermənistandan təxminən üç dəfə böyükdür. Bu günə olan nəticələrə görə, Ermənistanda COVİD-19-a yoluxanların sayı 15 minə yaxın olsa da, ölkəmizdə bu rəqəm 8 min civarındadır.

Bütün bunlar zamanında verilmiş düzgün və düşünülmüş qərarların nəticəsidir. Çox sevindirici haldır ki, koranavirusa mübarizə artıq öz nəticələrini verir və biz birinci mərhələni uğurla geridə qoymağı və az itkilərlə başa vurmağı bacardıq.



Karantin rejimi yumşaldılandan sonra bəzi vətəndaşların məsuliyyətsiz davranışları, qəbul olunan qərarlara laqeyd münasibəti, küçələrdə maskasız, ara məsafəsi gözləmədən dolaşması son günlər COVİD-19 infesiyasına yoluxanların sayını artırdı”. 

A.Niftiyevə görə, baş verənlər Operativ Qərargahı karantin qaydalarına yenidən baxmağa təhrik edir: 

“Əslində bizdən tələb olunan qaydalara riayət etmək, sosial məsuliyyətdir ki, bununla özümüzü, ailəmizi, doğmalarımızı COVİD-19 infeksiyasına yoluxmaqdan xilas edə bilək.

Unutmayaq ki, hər birimizin ətrafında yaşlı, yanaşı xəstəliklərdən əziyyət çəkən doğmalarımız var. Onlar bu xəstəliyi çox ağır formada keçirirlər. Hətta onları itirə də bilərik.

Özümüzə qarşı laqeyd olsaq da, onların canına qıymayaq, sevdiklərimizi qoruyaq! Bu qaydalar koronavirusun kökünü kəsmir, lakin yayılma arealını azaldır. Nəzərə alanda ki, məhdudiyyətlər qeyri-iş günlərinə təsadüf edir, bu baxımdan heç olmasa iki gün dözüm və səbr nümayiş erdirməliyik.

Biz nə qədər tez yenidən əvvəlki həyatımıza qayıtmaq istəyiriksə, qaydalara vaxtında və düzgün riayət etməliyik. Qətiyyən arxayınlaşmaq olmaz! Bəziləri özlərini elə aparır ki, sanki koronvirus pandemiyasını yaşamamışıq və yaşamırıq!”.