Gözünü başqasının mesajlarına zilləyənlər var ! – Cəza, yoxsa izah ? - Fikirlər toqquşdu

Aydınxan Əbilov: “İnzibati və Cinayət Məcəllələrinə bu barədə maddələr əlavə edilməli, həmin şəxslər məsuliyyətə cəlb olunmalıdırlar”

Novella Cəfəroğlu: “Məsələni inzibati yolla həll etməyin absurd olduğu qənaətindədir: “Kiminsə sənin telefonuna baxdığını necə sübut edə bilərsən?!”



Metro ilə yol gedərkən telefonunda nə isə yazmaq, oxumaq və ya oyun oynamaq kifayət qədər normaldır. Anormal olan bilirsiz nədir? Yanlarında oturanların boylanıb sənə, smartfonun ekranına baxması. Kimin nə işlə məşğul olması niyə başqası üçün bu qədər maraqlıdır?! Deyəsən, bəziləri “qonşuluq” anlayışını səhv başa düşüblər...

Odur ki, alternativ çıxış yolu tapmasaq, təkcə karantin bitənə kimi yox, ömürlük sosial məsafə saxlayası, vaqon “qonşu”larımızı özümüzdən bir az aralı tutası olacağıq. Əks halda birazdan bir-birimizin mesajlaşmalarını nəinki ən maraqlı serial kimi izləyəcək, hətta müdaxilə edəcəyik...


 Bu barədə “Sherg.az”a danışan kultroloq Aydınxan Əbilovun fikrincə, çıxış yolu var. Onun zənnincə, bu kimi hallar qanunla tənzimlənməlidir:

“Düzü, maariflənmənin nəticə verəcəyinə inanmıram. Əksinə, biz danışdıqca, yazdıqca problem daha da böyüyür. Məncə, İnzibati və Cinayət Məcəllələrinə bu barədə maddələr əlavə edilməli, kiminsə şəxsi informasiyalarına maraq göstərənlər məsuliyyətə cəlb olunmalıdırlar. Düşünürəm ki, bəziləri cərimələnsələr, cəmiyyət bundan dərs alar”. 
 
 Kultroloq, həmçinin bildirdi ki, xarici ölkələr belə məsələlərə çox həssas yanaşırlar:

“Avropada kimləsə görüşəndə onun ailə üzvlərinin səhhəti ilə maraqlana bilməzsən. Bu, onlarda düzgün qarşılanmır. Həmin adam qayıdıb sənə sual verər: mənim atamın ölümünü istəyirsən, ya həkimsən? Norveçdə avtoregistrin qarşıdan gələn maşının nömrəsini çəkməsi yolverilməzdir. Amma bizdə hamı bir-birinin işinə qarışır. Nəticədə şayiələr, dezinformasiyalar çoxalır. Bu isə ictimai problemlə nəticələnir. Məsələn əgər polisin başına zibil atanları çəkib, həmin hadisəni ictimailəşdirməsə idilər, problem bu qədər böyüməzdi.  Başa düşmək lazımdır ki, kiminsə şəxsi informasiyasını əldə edib yaymağa qanunvericiliklə icazə verilmir. Bu, heç etik normalara da uyğun deyil. Hərbi sirlərin, biznes informasiyalarının oğurlanmasına görə ABŞ-la Çin arasında müharibə gedir, vəziyyət gərginləşir. Lakin bir daha təkrar edirəm: şəxsi informasiyaların oğurlanması, yayılması yolverilməzdir. İctimai nəzarət komissiyası bu məsələlərlə ciddi məşğul olur və müntəzəm şəkildə maarifləndirici tədbirlər keçirir”. 



Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə məsələni inzibati yolla həll etməyin absurd olduğu qənaətindədir:

“Kiminsə sənin telefonuna baxdığını necə sübut edə bilərsən? Bunun təsdiqi yolu yoxdur axı. Ittiham etdiyin şəxs deyəcək ki, sübut et. Doğrudan da, təsadüfən kiminsə gözü də ekrana sataşa bilər. Əgər kimsə şəxsi informasiyalarının ələ keçməsinə ehtiyat edirsə, onda ictimai nəqliyyatda telefonla oynamasın. Çox çətindir?!”.