Nə polisin günahı var, nə də vətəndaşın ! - “Nifaq toxumu səpmək olmaz” – BARIŞ ZAMANIDIR !



Son vaxtlar polislərlə vətəndaşlar arasında qarşıdurmaların şahidi oluruq. Gah vətəndaş polisi təhqir edir, gah da polis vətəndaşı incidir. Səbəb isə koronavirus bəlasıdır. Belə ki, hüquq -mühafizə orqanının əməkdaşları insanları karantin qaydalarına əməl etməyə çağırırlar.

Sakinlər isə bir çox hallarda hüquq və azadlıqlarının məhdudlaşdırıldığını iddia edərək müqavimət göstərirlər. İndi işin içindən çıx görüm, necə çıxırsan...
 
Hüquq müdafiəçisi Novella Cəfəroğlunun fikrincə, polisi qınamaq olmaz:

“Son aylar polisin çox yorulduğunu tam məsuliyyətimlə deyə bilərəm. Onları başa düşmək lazımdır. Həm də polis nə edir ki? Sadəcə insanları qayda-qanuna əməl etməyə çağırır. Hətta İsrail kimi demokratik ölkədə də karantin qaydalarını pozanlar cərimələnirlər. Polis dövlət məmurudur. Onu təhqir etmək, başına zibil tökmək olmaz. Yəqin, həmin kadrı polisin ailəsi, uşağı da izləyib. Övlad niyə atasına görə narahatlıq keçirməlidir?!”.

 N. Cəfəroğlu, həmçinin bildirdi ki, bütün polislər də “süddən çıxan ağ qaşıq” deyillər:

“Polisin heç kimin evinə girməyə, insanları paltarsız, döyə-döyə evdən çıxarmağa ixtiyarı yoxdur. Bunu ancaq sahə polisi edə bilər. O da qayda-qanuna uyğun şəkildə. Məncə, hüquq-mühafizə orqanı əməkdaşının insanları bu formada evdən çıxarması düzgün deyil. Polisin başına zibil tökəni cəzalandırmaq üçün əlinə süpürgə verərək həyət təmizlətdirmək ən yaxşı variantdır. Bu, həm də digərlərinə nümunə olardı. Ümumiyyətlə, indi hər kəsin əsəbləri pozulub. Odur ki, polislə xalq arasında nifaq toxumu səpmək lazım deyil. Əksinə, onları barışdırmalıyıq”.