İsti hava qida və maye qəbulu...  – Həkimdən mühüm tövsiyə  

Havaların kəskin istiləşməsinin şahidi oluruq. Həkimlər isti havalarda çoxlu su içməyi, günəş altına çıxmamağı, gen və açıq rəngli paltarlar geyinməyi məsləhət görür. 
İsti havalarda çoxlu maye qəbul etmək ən düzgün seçimdir.  Lakin mayenin düzgün qəbul edilməsi də vacibdir. Çünki normada qəbul edilməyən maye orqanizmdə diskomfort yarada bilər.

Yay aylarında düzgün qidalanma və maye qəbuluna dair fikirlərini “Sherg.az”la bölüşən tibb elmləri doktoru, həkim-dietoloq Şəmsiyyə Namazlı bildirib ki, isti və soyuq havalarda düzgün qidalanma rejiminə əməl etmək lazımdır.
Həkimin sözlərinə görə, havaların birdən-birə dəyişərək isinməsi bəzi insanlara, xüsusilə meteohəssas şəxslərə mənfi təsir göstərir:




“Xroniki xəstəliyi və qan təzyiqi yüksək olanlar, ürək-damar sistemi xəstəliyindən əziyyət çəkənlər və yaxud onkoloji xəstələr günəş altında çox olmalı deyil. Yaxşı olar ki, bu qrup insanlar səhər saat 11-dən 5-ə qədər vacib olmadıqca günəş altında olmasınlar”. 

Ş.Namazlı bildirib ki, havanın temperaturuna uyğun olaraq buxarlanma olur, insan tərləyir və tər vasitəsilə orqanizmdə mikroelementlərlə su və maye itirir. Ona görə itirilmiş mayenin yerini doldurub balanslaşdırmalıyıq:

“Bunun üçün gün ərzində 1-1.5 litir su içmək lazımdır. Çünki su həm itirilmiş mayeni bərpa edir, eyni zamanda maddələr mübadiləsi və kimyəvi reaksiyaların hamısı su vasitəsilə həyata keçirilir. Orqanizmdən xaric olunmalı olan maddələr su vasitəsilə xaric edilir. İnsan bədəninin 65 faizi sudan ibarətdir. Bəzən kimsə ürəyinin su istəmədiyini deyir. Amma metobolik proseslər, orqanizmin assimilyasiya və dissimilyasiya üçün ilin fəslindən asılı olmayaraq su içmək lazımdır”. 

Dietoloq yayda qidalanmanın da önəmli olduğunu diqqətə çatdırıb:

“İsti havalarda meyvə və tərəvəzlərdən bol miqdarda istifadə etmək lazımdır. Bu məhsullar hər gün süfrəmizdə olmalıdır. Zülal mənşəli digər qidaları isə saxlamalıyıq. Ət və ət məhsulları hər zaman var, bunları arxa plana keçirməliyik, mövsümi meyvə və tərəvəzlərdən çoxlu qəbul etməliyik. Bu zaman günəş şüaları altında yan təsiri normal şəkildə başa vurmuş olarıq. Amma təəssüf ki, insanlar bunu başa düşmür. Yaşlı şəxslər gün altında olur. Məlumdur ki, ölkəmizdə virusla əlaqədar olaraq təcili yardımın işləri çoxdur. Çalışmaq lazımdır ki, özümüzü qoruyaq və həkimlərə əlavə yük olmayaq”.