“Paşinyan Ermənistanı daha da çıxılmaz vəziyyət salıb”

“Koronavirusla mübarizə davam edir və Azərbaycan dövləti bütün imkanlardan istifadə edərək ən yaxşısını etməyə çalışır”. 
Bu fikirləri “Sherg.az”a “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyin sədri və “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib. 
Birlik rəhbəri qeyd edib ki, Azərbaycanda bu günə kimi xəstəliyin müəyyən olunması ilə bağlı 360 minə yaxın test keçirilib. Ölkəmiz adambaşına testlərin sayına görə qabaqcıl yerdədir: 

“Azərbaycan bu göstəriciyə görə əhalisi 130 milyon olan Meksika və onlarla əhalisi  50-100 milyon olan ölkə ilə yanaşıdır. Ölkəmiz adambaşına apardığı testlərin sayına görə, aparıcı və inkişaf etmiş Avropa dövlətlərini qabaqlayır. Sözsüz ki, bu testlərin tətbiqi kifayət qədər maliyyə tələb edir və həkimlərin gərgin fəaliyyəti hesabına başa gəlir. Testlərinin keçirilməsində məqsəd virusa yoluxanları daha tez aşkar etməklə həmin şəxslərin həyatını xilas etməkdir. Bilirik ki, bu xəstəliyin ilkin mərhələdə müəyyən edilməsi nəticəsində ölüm halları xeyli azalır. Azərbaycanda ölüm hallarının az olmasının bir səbəbi də məhz yoluxmanın ilkin mərhələdə müəyyən olunmasıdır. Daha çox testin keçirilməsinin digər müsbət cəhəti də xəstəlik müəyyən edilən şəxsin digərlərini yoluxdurmamasıdır. Müqayisə üçün deyək ki, bəzi inkişaf etmiş ölkələrdə ölənlərin sayı Azərbaycanda yoluxanların sayından çoxdur. Azərbaycan əhalisi qədər əhalisi olan bəzi ölkələr var ki, həmin ölkələrdə koronovirusdan ölənlərin sayı on minə yaxındır. Azərbaycan ilk dövrdən koronovirusla mübarizədə kompleks yanaşa sərinləməklə itkliləri dəfələrlə azaldıb”.



Cəsarət Hüseynzadənin sözlərinə görə, bütün dünyaya yayılan koronavirus və onunla mübarizədə Azərbaycanın gördüyü işləri inkişaf etmiş Avropa ölkələri ilə müqayisə etmək daha doğru olardı. Lakin o, hesab edir ki, bəzi anti-milli qüvvələrin qarayaxma kampaniyalarına cavab olaraq bu müqayisəni Ermənistanla aparmaq yerinə düşər: 

“Müxtəlif zaman kəsiyində düşdüyü və etdiyi xoşagəlməz hərəkətləri ilə gülüş obyektinə çevrilən baş nazir Nikol Paşinyan onsuz da problemlər məngənəsində boğulan Ermənistanı daha da çıxılmaz vəziyyət salıb. Əhalisi Azərbaycandan 3 dəfə az olan Ermənistanda yoluxanların və ölənlərin sayı Azərbaycandan 2 dəfə artıqdır. Testlərin keçirilməsin görə isə Azərbaycan Ermənistanı 5 dəfə qabaqlayır. Müqayisə üçün beynəlxalq təcrübədə bu rəqəmlər əhali sayına görə hesablanır. Belə olduğu halda Ermənistanın vəziyyətinin nə dərəcədə ağır olduğu tam aydın olur. Belə ki beynəlxalq standartlara uyğun olan bu hesablamaya görə, Ermənistanda yoluxma sayı Azərbaycandan 5,74 dəfə, COVİD 19 səbəbindən ölənlərin sayı isə 8 dəfə artıqdır”. 

C.Hüseynzadə vurğulayıb ki, koronovirus artıq dünya üçün qlobal problemə çevrilib: 

“Demək olar ki, dünya yeni düzənə daxil olub. Çox təəssüf ki, proseslərin hansı istiqamətdə irəliləməsini proqnoz etmək mümkün deyil. Bütün dövlətlərə ciddi zərbələr dəyib. Azərbaycan ilk dövrdən özü üçün əsas istiqaməti müəyyən edib. Bəzi ölkələr ilk növbədə iqtisadiyyatını düşündüyü halda, cənab Prezident İlham Əliyev bildirib ki, əsas hədəf Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır. Bütün addımlar ilk növbədə vətəndaşların sağlamlığın qorunması istiqamətində atılıb. Ötən günlər göstərir ki, dövlət tərəfindən mövcud vəziyyətlə bağlı şərtlərə uyğun qərarlar qəbul edilir. Bu vəziyyətdən daha az itkilərlə çıxmağın yeganə düsturu dövlət və vətəndaş həmrəyliyidir. Əldə edilən uğur hekayəsi də məhz bu düstura əsaslanır”.