Günay Əliyeva: Həkimlik heç bir peşə ilə müqayisə edilə bilməz 


"Həkimlik hər zaman ən şərəfli, ən nüfuzlu peşələrdən biri olub. Bunu hər kəs deyir, amma çoxu mahiyyətini başa düşmür".

Bu sözləri 17 iyun- Tibb işçilərinin peşə bayramı ilə bağlı "Sherg.az"a danışan həkim- pulmunoloq Günay Əliyeva deyib.

Onun fikrincə, həkimlik heç bir peşə ilə müqayisə edilə bilməz:

"Həkimliyin necə çətin peşə olduğunu bilmək üçün bu sahə ilə məşğul olmaq lazımdır. Kiminsə həyatından məsul olmaq heç asan deyil. Həkim həmişə axtarır və düşünür. Bizim səhv etmək hüququmuz yoxdur. Çünki bircə səhv kiminsə ölümü ilə nəticələnə bilər".

G. Əliyeva, həmçinin bütün kolleqalarını təbrik etdi:

"Koronavirus pandemiyası ilə mübarizədə mən də fəal çalışdım. Nəticədə bu infeksiyaya yoluxdum. Hazırda müalicəm davam edir. Bir daha həkimlərimizin qayğıkeşliyinin şahidi oldum. Fürsətdə istifadə edib Mərkəzi Neftçilər Xəstəxanasının rəhbəri Musa Abbasova, Fərrux Sədirova və digər həkimlərə təşəkkür edirəm. Arzu edirəm ki, "taclı virus"a qalib gəlməyi bacaracayıq".