Millət vəkili: "15 İyun heç vaxt xalqımızın yaddaşından silinməyəcək tarixi bir gündür"

"Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür".
 
15 İyun - Milli Qurtuluş Günü ilə bağlı təəssüratlarını Sherg.az-la bölüşən millət vəkili Ceyhun Məmmədov hesab edir ki, 15 İyun heç vaxt xalqımızın yaddaşından silinməyəcək tarixi bir gündür. Onun sözlərinə görə,  ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı kimi tariximizə düşən bu gün ölkəmizin müstəqil bir dövlət kimi inkişafının başlanğıcı oldu: “ Xalqımız hər il Azərbaycan tarixində ən əlamətdar hadisələrdən biri olan bu günü böyük təntənə ilə qeyd edir. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bu gün Azərbaycan dövləti yaşadıqca millətin yaddaşında əbədi qalacaqdır.
1991-ci ilin oktyabrında öz dövlət müstəqilliyini ikinci dəfə qazanmış respublikamız 1993-cü ilin iyununa qədərki müddətdə böhran, xaos və anarxiya, çaxnaşmalarla qarşılaşmışdı, böhran son dərəcə kəskinləşmişdi. Belə bir ağır və çıxılmaz vəziyyətdə Azərbaycanın əsl xilaskara ehtiyacı vardı. Çıxılması mümkün görünməyən belə bir vəziyyətdə xalq öz fədakar oğlu Heydər Əliyevə müraciət etdi. Xalqımız yaxşı bilirdi ki, belə bir anda yalnız və yalnız Heydər Əliyev dühası milləti bu düşdüyü bəlalardan qurtara bilər. Xalq ayağa qalxdı və əldən getməkdə olan müstəqilliyinin nicatı üçün Heydər Əliyevi təkidlə Naxçıvandan Bakıya dəvət etdi. Xalqın çağırışına, taleyinə heç vaxt biganə olmayan ulu öndərimiz 1993-cü il iyunun 9-da respublika paytaxtına gəldi və iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin sessiyasında Ali Sovetin sədri seçildi. Heydər Əliyevin ölkə rəhbərliyinə bu böyük qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətdən xilas etdi. Ölkədə tüğyan edən hərc-mərclik, vətəndaş müharibəsi, qeyri-qanuni fəaliyyət göstərən silahlı dəstələr və digər xoşagəlməz mənfi amillərin qarşısının alınması üçün öz həyatını belə böyük təhlükə altına ataraq bu hallara qarşı kəskin mübarizə başladı və qısa bir zaman kəsiyində bu neqativ ünsürlərin, özbaşınalığın qarşısını birdəfəlik aldı, qanunsuz silahlı dəstələr tərksilah edildi. Azərbaycan parçalanıb məhv olmaq təhlükəsindən xilas olundu. Bu, böyük ürəkli, cəsarətli Vətən oğlunun öz milləti, öz Vətəni qarşısındakı misilsiz fədakarlığı idi. Həmin tarixi dövr xalqımızın taleyində dönüş anı, itirilmiş inamının qaytarılması, anarxiyadan sabitliyə və inkişafa doğru yeni bir mərhələ oldu”. 

Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir

C. Məmmədovun fikrincə, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun olaraq istifadə olunmasında ulu öndər Heydər Əliyevin neft strategiyası mühüm əhəmiyyət daşıyıb:


“1994-cü il sentyabrın 20-də böyük dövlətlərin iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” və 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul zirvə toplantısında Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış saziş müstəqil Azərbaycanın iqtisadi inkişafında müstəsna rol oynadı. Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. Respublikamız BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər mötəbər təşkilatların üzvüdür, NATO və Avropa Birliyi ilə sıx və işgüzar əlaqələr qurub. Heydər Əliyev yaratdığı iqtisadi-siyasi bazaya əsaslanaraq deyirdi: “İnanıram ki, Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”.
Ulu öndər hakimiyyətə qayıtdığı ilk gündən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini də daim diqqət mərkəzində saxlayaraq bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin etmişdir.

Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoyub. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçib.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri də milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, proqmatik xarici siyasət kursunu dünyanın bir çox aparıcı dövlətləri ilə qarşılıqlı hörmət və əməksaşlıq prinsipləri əsasında qurmaq zərurəti yaratmışdı. Düşünülmüş xarici siyasət hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllində mühüm amillərdəndir. Dövlətçiliyin, müstəqilliyin qorunması, milli təhlükəsizliyin təmin olunmasında əsas rol oynayır. 

Ümummilli lider Heydər Əliyev fəaliyyətinin ilk günlədindən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu.
Ümummilli liderin apardığı ardıcıl və məqsədyönlü siyasəti sayəsində beynəlxalq aləmdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktının tanınması və erməniləri işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti apararaq separatçı qurum yaratma cəhdinin təsdiqlənməsi, bu məsələnin BMT Baş Məclisinin sessiyasının gündəliyinə salınması, dünyanın ən nüfuzlu təşkilatların Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini bəyan edən, erməni silahlı qüvvələriniun Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyri-şərtsiz çıxarılmasını təmin edən, bu ərazilərdən qovulmuş, didərgin düşmüş əhalinin öz doğma, ata-baba yurd-yuvalarına qayıtma hüququnu təsdiq edən və işğal nəticəsində yaranmış vəziyyəti heç bir dövlətin qanuni hesab edə bilmədiyini vurğulayan qətnamə qəbul etməsi, ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərdə ermənilərin qeyri-qanuni olaraq məskunlaşdırılmasını etiraf etməsi Azərbaycanın xarici siyasət sahəsində apardığı qərgin və məqsədyönlü işin parlaq nəticəsi, Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində qazanılan çox mühüm diplomatik nailiyyəti idi”. 

Azərbaycan bu gün artıq müstəqil dövlət kimi nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edib

C. Məmmədovun sözlərinə görə, bugünkü qüdrətli Azərbaycan Respublikasının milli dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən xarici siyasət strategiyasının əsas istiqamətlərini uzaqgörən dahi, ulu öndər Heydər Əliyev müəyyənləşdirib. Bu kursun əsas vəzifəsi dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarətdir. Bu prioritetlər bu gün də Azəerbaycan xarici kursunu əsas vəzifələrindən birini təşkil edir. Bu gün inamla deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulmuş, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmiş, bütün bunlar isə diplomatik reallıqlar fonunda respublikamızın imicini xeyli yüksəldib. Azərbaycan bu gün artıq müstəqil dövlət kimi nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edib. Ölkəmizin beynəlxalq iqtisadi münasibətlər sisteminə qoşulması ilə sosial-iqtisadi, siyasi və təhlüqkəsizlik məsələlərinin tənzimlənməsində böyük nailiyyətlər əldə edilib. Bütün bunlar ulu öndər tərəfindən əsası qoyulmuş, düşünülmüş və bu gün uğurla həyata keçirilən siyasətin nəticəsində əldə olunub”. 

“Dahi Heydər Əliyevin Azərbaycanda hakimiyyətə yenidən qayıdışından sonra bütün sahələrdə olduğu kimi respublikamızda dini etiqat azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi, milli- mənəvi dəyərlərimizin qorunub saxlanması və dini məbədlərimizin bərpası istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başladı. Uzun illərdən bəri fəaliyyətsiz qalan ibadət ocaqları bərpa edildi və yeni məscidlər inşa olundu və ya əsaslı təmir edildi. Məhz Heydər Əliyevin bu sahəyə diqqəti nəticəsində Azərbaycan Rspublikasının Konstitusiyasına dini etiqat azadlığı ilə bağlı mühüm maddələr əlavə olundu. Konstitusiyada ölkəmizdə fəaliyyət göstərən bütün dini icmaların, dinlərin bərabərhüquqlu, vətəndaşların etiqat azadlığı ön plana çəkildi. Bütün bu məsələlər 1996 və 1997-ci illərdə “Dini etiqat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklərdə özünü açıq şəkildə göstərdi. Beləliklə, dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə diqqət və qayğısı artdı”- deyə deputat əlavə edib. 

Dahi Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək layiqli varis yetişdirməsidir. O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün qürur hissi ilə deyə bilərik ki, dahi Heydər Əliyevin dediyi sözlər, cənab İlham Əliyevə bəslədiyi ümidlər özünü doğruldur. 2003-cü ildə böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilən İlham Əliyev ötən 17 il ərzində ulu öndərin təməlini qoyduğu siyasi-iqtisadi kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq inam və ardıcıllıqla davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan dünyada böyük nüfuza, iqtisadi gücə malik ölkə kimi tanınır. Ölkəmiz iqtisadi artım tempinə görə dünya ölkələri sırasında lider mövqedədir. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - deyən cənab İlham Əliyev, doğrudan da, hər bir azərbaycanlının Prezidenti oldu.