Xalqın xilaskarı: Ölkədə nizami ordu quruculuğunun əsasını qoyan da Ulu öndər oldu

"20-25 yaş arası gənclər gözünü açıb Azərbaycanı sabit, əmin-amanlığın hökm sürdüyü bir dövlət kimi görüblər. Lakin orta və yaşlı nəslin nümayəndələri müstəqil Azərbaycanın ağır, keşməkeşli günlərini yaxşı xatırlayırlar".

Bu fikirləri "Sherg.az"a millət vəkili, YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov bildirib.


Deputat bildirib ki, Azərbaycan bu dövrə, bu günə gəlib çıxana kimi olmazın qan-qada və ağır böhranlardan keçməli olub:

"Öz övladlarının qanı-canı bahasına 1991-ci ildə müstəqillik əldə edən Azərbaycan, obrazlı şəkildə desək, yağışdan çıxıb, yağmura düşmüşdü. Təbii ki, səriştəsiz, naşı və savadsız rəhbərlər üzündən. Siyasi hakimiyyətə sahiblənmək istəyən qruplar sözün əsl mənasında ölkəni uçuruma aparmaqla məşğul idilər. 1992-1993-cü illərdə silah gücünə hakimiyyətə gələn AXC-Müsavat cütlüyü onsuz da zəif olan ölkə iqtisadiyyatını tamamilə çökdürdü. Hərc-mərclik yaratdı və ölkəni gündən-günə dərinləşən həm siyasi, həm də iqtisadi böhranla üz-üzə qoydular. Yaranmış vəziyyət Azərbaycana qarşı torpaq iddiasında olan təcavüzkar Ermənistanın əlinə fürsət vermişdi. Ölkənin vəziyyəti çox acınacaqlı idi. Xalqın yaşayışı və təhlükəsizliyi gündən-günə daha ağır təhlükə qarşısında qalırdı. Xalqın sabaha olan inamı sarsılmışdı. Lakin xalqın tək bir ümid yeri vardı. O da Ulu öndər Heydər Əliyev! Məhz həmin çətin günlərdə xalq öz xilaskar oğluna müraciət etdi. Xalqın təkidli tələbi ilə Bakıya gələn Ulu öndər Heydər Əliyev Gəncədə baş verən hadisələrlə maraqlanmaq üçün ilk olaraq ora getdi. Çünki həmin vaxt Gəncədə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı”.

Parlament üzvü vurğulayıb ki, Ulu öndər Heydər Əliyev Gəncədə baş verən hadisələrlə yerindəcə maraqlanmış və yaranmış problemin həllinə nail olmuşdu:

"Paytaxt Bakıda isə gərginlik davam edirdi. AXC-Müsavat cütlüyünün digər başbilənləri isə hakimiyyətdə möhkəmlənmək, vəzifədə bir addım da irəli getmək xülyası ilə yaşayır, ölkənin problemləri ilə məşğul olmurdular. Ulu Öndər Heydər Əliyev 15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçildi. Məhz bu tarix ölkədə dönüş nöqtəsi oldu. Ulu öndər Heydər Əliyev ölkədə olan bütün problemləri bir-bir həll etməyə başladı. Lakin bu heç də asan deyildi. Çünki Heydər Əliyevə daxildəki vəzifə hərisləri, düşmən dəyirmanına su tökənlər mane olur, Azərbaycana qarşı təcavüz edən erməninin qısa zaman kəsiyində irəliləməsinə şərait yaradırdılar. Lakin xalq öz xilaskarının yanında idi. Xalqın dəstəyi ilə prezident seçilən Heydər Əliyev ölkə daxilində sabitliyi təmin etdi, erməni təcavüzünün qarşısını almaq üçün sülh müqaviləsinin imzalanmasına nail oldu. Ölkədə nizami ordu quruculuğunun əsasını qoyan Ulu öndər Heydər Əliyev ayrı-ayrı silahlı şəxslərin ölkənin ərazi bütovlüyünə zərbə endirmək istəklərinin də qarşısını almış oldu. Ölkədə daxili sabitliyin təmin edilməsi və Ermənistanın hərbi əməliyyatlarının dayandırılmasından sonra iqtisadiyyatın canlandırılması Ulu öndərin qarşısına qoyduğu əsas hədəflərdən biri idi”.

Millət vəkili əlavə edib ki, 1994-cü ilin sentyabrında dünyanın tanınmış və nəhəng neft şirkətləri ilə Əsrin Müqaviləsinin imzalanması isə artıq ölkə iqtisadiyyatına verilən yeni nəfəs idi:

"Baxmayaraq ki, həmin dövrdə Əsrin müqaviləsinin imzalanmasına qarşı çıxanlar və hətta Ulu öndərin şəxsi həyatına sui-qəsd cəhdləri olurdu. Azərbaycan artıq əmin və etibarlı əllərdə idi. Azərbaycan xalqı ağ günə çıxmışdı və insanlar bunu “Xalq Heydər, Heydər Xalq” təntənəsi olaraq qiymətləndirirdi. Hər bir sahədə paralel olaraq canlanma yaşanır, Ulu öndər Heydər Əliyev gecə-gündüz, yorulmadan ölkənin hərtərəfli inkişafı üçün çalışır, hər bir sahə ilə şəxsən özü yaxından maraqlanırdı. Ordu quruculuğu, iqtisadiyyat, təhsil, gənclik, idman, mədəniyyət və . - bütün sahələrdə Ulu öndərin xidmətləri göz önündə idi. İlk dəfə Prezident seçildikdən sonra andiçmə mərasimində Ulu öndər Heydər Əliyev belə bir söz söyləmişdi: “Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram.” Həqiqətən, zaman bu deyilənləri sübut etmiş oldu. Daha doğrusu, Ulu öndər Heydər Əliyev öz yorulmaz, canı-qanı, çəkdiyi min bir əziyyətlə bunu sübut etdi".