Karantin rejimində qanun hamı üçün qanundur - Politoloq 

Ölkəmizdə xüsus karantin rejimi yumşaldıqdan sonra təəssüf ki, bir çox vətəndaşlar Operativ Qərargahın tövsiyələrinə əməl etmədilər. Bu səbəbdən də, son vaxtlar infeksiyaya yoluxma halları artmağa başlayıb.


Rəsmi qurumların da açıqladığı kimi, fiziki məsafənin gözlənilməməsi, tibbi maskalardan istifadə olunmaması, növbələrin gözlənilməməsi, bütün bunlar son günlərdə ölkədə koronavirusun sürətli yayılmasının əsas səbəbidir. Son günlərdə yoluxma sayının artması yenidən bəzi qadağaların tətbiqi məsələsini gündəmə gətirdi və hökümət bu istiqamətdə müəyyən qərarlar qəbul etməyə məcbur oldu.

Koronavirusa yoluxan vətəndaşların sayının sürətlə artmasının  xoşagəlməz hal olduğunu vurğulayan  Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib  ki, ilin əvvəlindən dövlətimiz tərəfindən görülən profilaktik tədbirlər bu virusun geniş yayılmasının qarşısını xeyli aldı:

"Yəni Ümumdünya Səhiyyə Təşkilatından tutmuş bir sıra qurumlar hətta bu cür uğurlu fəaliyyət və virusla mübarizəyə görə Azərbaycana təşəkkür etdilər başqa dövlətlərə nümunə göstərdilər. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, bəzi insanların bu məsələyə laqeyd yanaşması koronovairusla uğurlu mübarizəni çətinləşdirdi. Bu səbəbdən də son günlər yoluxma ilə bağlı statistikada mənfi tendensiya müşahidə edilməyə başladı və bunun da məntiqi nəticəsi kimi sərt karantin rejiminə qısa günlərdə də olsa qayıtmaq gözlənilən idi". 
Hər kəsin  çağırışlara, tövsiyə və məsləhətlərə əməl etmək məsuliyyətini dərk etməsini vacib amil kimi vurğulayan T. İsmayılovun sözlərinə görə, qanun hamı üçün qanundur. Əgər kimsə sosial izolyasiya, karantin qaydalarına əməl etmirsə, təbii ki, cərimələnməlidir.