"Bu mübarizənin ən ön cəbhəsində həkimlərimiz, tibb işçilərimiz dayanıb"

Ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı dövlət siyasəti uğurla davam etməkdədir. Bir çox dövlətlərdə olduğu kimi, Azərbaycanda da pandemiya ilə mübarizə aparılır. Hazırda dövlət siyasətinin əsas məqsədi vətəndaşlarımızın sağlamlığıdır.

Bu çətin və keşməkeşli mübarizədə həkimlərimizin fəaliyyətini xüsusilə vurğulamaq lazımdır. Məlumdur ki, 17 iyun tibb işçilərinin peşə bayramı günüdür. Pandemiya dövründə fədakar və peşəkar tibb işçilərinin davamlı fəaliyyəti hər birimiz tərəfindən təqdir olunmalı və yüksək dəyərləndirilməldir.

Hazırda bütün dünyada qlobal bir savaş getdiyini deyən siyasi şərhçi Azər Həsrət “Sherg.az”a bildirib ki, koronavirus pandemiya halında olduğuna görə, bütün bəşər övladı bu xəstəliklə mübarizə aparır. 



Analitik qeyd edib ki, bu mübarizənin ən ön cəbhəsində həkimlərimiz, tibb işçilərimiz dayanıb:

“Koronavirus pandemiyası başlayandan, özəlliklə ölkəmizdə virus yayılandan Azərbaycanda işinin öhdəsindən gəlməyi bacaran, peşəsinə sadiq, insanların sağlamlığının keçiyində durmağı vicdan borcu bilən kifayət qədər tibb personalımız var. Onlar bu çətin günlərdə öz ailələrindən belə təcrid olunaraq, aylardır evlərinə getməyərək xəstələrin, yoluxmuş insanların qayğısına qalmaqdadır. Tibb işçilərimiz insanların həyata bağlanıb şəfa tapması üçün hətta özlərini belə fəda etməkdədirlər. Məlumdur ki, bir neçə həkimimiz də  koronavirusa yoluxaraq dünyasını dəyişib. Həkimlərimiz doğurdan da ön cəbhədədir və mümkün olandan da artığını edirlər”. 

A.Həsrət bildirib ki, tibb personalımız şəxsi maraqlarını, ailə bağlarını, əzizlərini belə qurban verməkdədirlər:

“Belə fədakarlıq edən insanlara yalnız alqış düşür. Əminəm ki, pandemiya bitdikdən sonra Azərbaycanda və dünyanın bir çox yerlərində fədakar həkimlərə abidələr ucaldılacaq. Bu həkimlərin bəşəriyyətin xilası üçün özlərini fəda etməsi yüz illər sonra da örnək göstəriləcək. Onları peşə bayramı münasibəti ilə təbrik edirəm. Çalışmaları, fədakarlıqları səbəbi ilə onlara dərin təşəkkürlərimi bildirirəm. Sevinirəm ki, Azərbaycanda belə həkimlərimiz var”.

Yeganə Bayramova