"Həkimlərimiz əxlaq etalonu olmaq missiyasını pandemiya dövründə sübut etdilər" - Psixoterapevt Əli Nağıyev

Ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı dövlət siyasəti uğurla davam etməkdədir. Bir çox dövlətlərdə olduğu kimi, Azərbaycanda da pandemiya ilə mübarizə aparılır. Hazırda dövlət siyasətinin əsas məqsədi vətəndaşlarımızın sağlamlığıdır.

Bu çətin və keşməkeşli mübarizədə həkimlərimizin fəaliyyətini xüsusilə vurğulamaq lazımdır. Məlumdur ki, 17 iyun tibb işçilərinin peşə bayramı günüdür. Pandemiya dövründə fədakar və peşəkar tibb işçilərinin davamlı fəaliyyəti hər birimiz tərəfindən təqdir olunmalı və yüksək dəyərləndirilməldir.

Pandemiya dövründə dövlətimizin səhiyyə siyasətinin çox düşünülmüş, harmonik və düzgün istiqamətdə aparıldığını deyən həkim-psixoterapevt Əli Nağıyev “Sherg.az”a açıqlamasında bildirib ki, Operativ Qərargahın da fəaliyyətində bütün bunlar özünü hər zaman göstərdi. 

Həkim sözlərinə görə, pandemiya ilə mübarizədə iki komponent var:

“Birincisi dövlətimizin məsuliyyəti və qərarlılığı, yürütdüyü siyasət. İkinci isə vətəndaşların, ictimaiyyətin sosial məsuliyyət anlayışı. Hazırda xəstəliyin say göstəricisi əslində dövlətimizin apardığı siyasətin kamil olmaması yox, məhz vətəndaşlarımızın sosial məsuliyyət məsələlərinə önəm verməməsindən irəli gəlir. Bu, təəssüfedici məqamdır. Vətəndaşlarımızın sosial məsuliyyət anlayışına yanaşması kamil deyil. Arzu edərdik ki, insanlarımız çox ciddi düşünsünlər, bir çox hallarda, koronavirus yoxdur adı altında yayılan yanlış informasiya və şayələrə inanmasınlar. Bütün bunlar bir həkim kimi şəxsən məni həm məyus edir, həm də hiddətləndirir. Təbii ki, psixoterapevt olduğum üçün qəzəb emosiyasına üstün gələ bilirəm, lakin təəssüf hissi məndə qalır. Təəssüf edirəm ki, vətəndaşlarımızın bəzisi bu xəstəliyə inanmır. Həkim həmkarlarımdan bir neçəsinin virusa yolxuduğu haqqında dəqiq məlumat var. Onlar ön cəbhədə koronavirusla mübarizədə gecə-gündüz evə gəlməyərək mübarizə aparıb, fədakarlıq göstəriblər”.

Ə.Nağıyev qeyd edib ki, dövlət başçımızın özəlliklə tibb işçilərinə göstərdiyi diqqət və qayğı göz qabağındadır:

“Bütün bunlar yeni modul tipli xəstəxanaların açılışında cənab Prezidentimizin çıxışlarında da özünü göstərir. Prezidentin tibb iççilərinə və həkimlərə doğma münasibəti Azərbaycan həkimlərinin fədakarlıqlarına olan reaksiyadır. Azərbaycan həkimi fədakardır və Prezidentimiz də həkimlərə qayğı göstərir. Bütün bunlar dolayısı ilə vətəndaşlarımıza göstərilən qayğı deməkdir. Çünki koronavirusla mübarizədə ən çox həkimlərimiz ön cəbhədə olduqları üçün onların arxasında durub dəstək olmaq çox vacibdir. Bu mənada cənab Prezidentin siyasəti ən yüksək səviyyədədir və qayğıkeş, diqqətli münasibətdir. 

Akademik Zərifə xanım Əliyevanın belə bir fikri var idi: “Həkim cəmiyyətdə əxlaq etalonudur”. Bu o deməkdir ki, həkim nümunədir və onların fədakar keyfiyyətləri olmalıdır. Xüsusilə koronavirusla mübarizə aparan tibb işçilərimiz, həkimlərimiz əxlaq etalonu olmaq missiyasını pandemiya dövründə icra etdilər. Hər bir həkim və tibbi işçilərimizin fədakarlıqları qarşısında təzim edirəm. 8-10 saatdan artıq, maskada və xüsusi geyimdə yorulmadan zəhmət çəkən həmkarlarımın əvəzsiz fəaliyyəti qarşısına təzim edirəm. Təbii ki, ölkə başçımızın da onlara yüksək səviyyədə münasibəti var.  Bütün tibb işçilərimizi təbrik edib hər birinə ayrı-ayrılıqda sevgimi çatdırıram. Arzu edirəm ki, bu çətin və şərəfli peşədə pandemiya ilə mübarizədə qalib və sağlam olaraq ailələrinə qayıda bilsinlər”.

Yeganə Bayramova