"Ürəkləri harda istəyir, təhsil alsınlar" - Müğənnilər övladlarına seçim azadlığı verəcək

“Təhsil millətin gələcəyidir”. Bu ifadəni ümummilli lider Heydər Əliyev əbəs yerə söyləməyib. Təhsil doğurdan da xalqın inkişafında, dünyada özünə layiqli yer tutmasında mühüm rol oynayır.  Sevindirci haldır ki,  dövrümüzdə ali təhsil almaq üçün kifayət qədər seçim var.

Kimiləri ölkəmizdə, kimiləri isə xaricdə təhsillərini davam etdirmək istəyir.  Əlbəttə valideynlər də övladlarını yüksək səviyyəli müəssisələrdə  görməyi arzulayırlar.  
Görəsən həmişə göz önündə olan məşhurlar necə, övladlarının hansı  ölkədə təhsil almağını istəyirlər?
Elə bu  sual ətrafında incəsənətin tanınmış simaları ilə sorğu keçirdik.

Xalq artisti Gülyanaq Məmmədova  “Sherg.az”a açıqlamasında dedi ki, təhsil seçimində öz vətənimizə üstünlük verir. 
 
- Gözəl universitetlərimiz, təhsilimiz var. Övladımın  seçiminə qalır, ürəyi istəsə  xaricdə də təhsil ala bilər.  Bu da məni sevindirər... Onları ali təhsilli,  savadlı görmək istəyirəm. Sənət adamı olduğum üçün dərslərinə diqqət edib, məşğul ola bilmirəm. Bu mövzuda  məsuliyyətli davranıram ki, dərslərini yaxşı oxusunlar. Ölkənin fərqi yoxdur, əsas odur  gözəl təhsil  alsınlar, sonra öz  vətənimizdə  çalışsınlar. Qismət, indidən bir söz deyə bilmərəm. Uşaqlarımın  düşüncəsi və zəhməti əsasında başa gələn bir şeydir...

Sevilən müğənni, xalq artisti  Zülfiyyə Xanbabayeva söylədi ki, bunları düşünmək üçün hələ qızının yaşı azdır:

“Artıq 7-ci sinifi bitirdi. Bunu  zaman göstərəcək, bəzən əvvəlcədən düşündüyümüz  işlər  planlaşdırdığımız  kimi  getmir. Ona görə zamanın axarına həvalə edəcəyik. Təki sağlıq olsun, dünyamız sakitləşsin, vaxtı gələndə düşünərik, bu barədə danışarıq.”  

Sənətçi bu günlərdə qəbul imtahanlarında iştirak edən şagirdləri də unutmadı:

“Abituriyentlərə uğurlar arzu edirəm. Allah yollarını açıq etsin, hər kəs arzusuna çatsın. Valideyn üçün övladının universitetə qəbul olması, peşəyə yiyələnməsi çox önəmlidir. Arzu edirəm ki, valideynlərin övladları ilə bağlı diləkləri həyata keçsin.  Görürsüz ki, necə zəmanədə yaşayırıq. Hazırda baş verənlər bütün planları alt üst edə bilər. Uşaqlara uğurlar, valideynlərə səbr diləyirəm... “

Tanınmış müğənni, əməkdar artist Abbas Bağırovun  arzusu övladlarının xaric də təhsil almasıdır:

-Son vaxtlarda  təhsil sahəsində inkişaf gedir. Lakin  Avropada, Amerikada, Türkiyədə daha güclüdür, təhsilin tarixi qədimdir. Əlbəttə istərdim ki, xarici ölkələrdə təhsil alsınlar, vətənimizi daha yaxşı təmsil etsinlər. Sonra  qayıdıb öz ölkəmizdə yaxşı işdə çalışsın. Əlbəttə  bu imkana bağlıdır, hər kəs edə bilməz... 

Sevilən xanəndə Eldar Ələkbərov hər iki övladının da Azərbaycanda təhsil aldığını vurğuladı:

“İkisi də ali təhsillidir. Ailəlidirlər, indi öz uşaqlarını hazırlaşdırırlar.  Oğlum Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit üzrə təhsil alıb. Qızım isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən məzun olub.” 

Tanınmış  müğənni Kərimin sözlərindən aydın oldu ki, o seçimdə övladına azadlıq verəcək:
  
 -Həkim, polis və s. ola bilər. Amma ən çox idmana, futbola üstünlük veririk. İstəyərəm xaricdə təhsil alsın, bu da   övladımın özündən asılıdır.  Hələ 5-6 yaşı olduğuna baxmayaraq  ingilis, rus dillərini  öyrənir. Çox şeyi, heyvanları, ətraf mühiti dərk edir...