“Ermənistanın hazırkı siyasəti müharibə variantını gündəmə gətirir” – ŞƏRH 

“Azərbaycan Ermənistan ordusuna güclü zərbə endirsə, bu, Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnəcək”

“Dövlət başçısı İlham Əliyevin Tərtərdə verdiyi mesajlar, ordunun daha da gücləndirilməsi yeni geosiyasi şəraitin yetişməsi fonunda müharibənin hər an başlayacağına işarədir”




“Avropa parlamentinin Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinə üçüncü yol çəkməsinə qarşı etirazı ölkəmizin mövqeyinin güclənməsi deməkdir”. 
Bu sözləri “Sherg.az”a açıqlamsında Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib. 
Politoloq bildirib ki, beynəlxalq hüquq Azərbaycanı dəstəkləyir: 



“Ermənistanın Qarabağ məsələsində mövqeyi kifayət qədər zəifləyib. Ermənistan 2016-ci il aprel döyüşündən sonra prinsipcə, işğal olunmuş ərazilərdə infarsturuktur layihələri və məskunlaşdırma siyasətindən çəkinməli idi. Çünki, Azərbaycanın qəfil hücumundan ehtiyat edirdi. Lakin aprel döyüşlərindən bir neçə aydan sonra işğalçı ölkə Araz boyu ərazilərdə məskunlaşma və digər ərazilərdə qəsəbələr saldı.

Yeni infrasturuktur layihələr reallaşdırdı. Hətta Suriyadan erməniləri gətirib orada yerləşdirdi. Məsələ ondadır ki, düşmən ölkə 2013-cü ilə qədər işğal olunmuş ərazilərdə məskunlaşdırma və infrasturukturun geniş şəkildə qurulmasından çəkinirdi. Amma son illər qərəzli şəkildə Kəlbəcərdə, Laçında. Cəbrayılda, Zəngilanda yeni oteller, kəndlər salınıb. Ona görə də Ermənistanla danışıqlar prosesində paralel olaraq hərbi təzyiqlər artırılmalıdır. Yeni yaşayış məskənlərinin salınmasına imkan verilməməlidir”.

Siyasi şərhçinin fikrincə, Ermənistan üçüncü yolu çəkməyi düşünürsə, deməli onlar danışıqlar yolu ilə ətraf rayonların boşaldılmasında qətiyyən maraqlı deyil: 

“Beynəlxalq hüquq və ordumuzun gücü imkan verir ki, genişmiqyaslı müharibə aparmadan Ermənistanın bu təxribatlarına güclü zərbələr endirək. Lokal irəliləyişə nail olaq. Ermənistanın hazırkı siyasəti müharibə varinatını gündəmə gətirir. Azərbaycan Ermənistan ordusuna güclü zərbə endirsə, bu, Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnəcək. Dövlət başçısı İlham Əliyevin Tərtərdə verdiyi mesajlar, ordunun daha da gücləndirilməsi yeni geosiyasi şəraitin yetişməsi fonunda müharibənin hər an başlayacağına işarədir”.