“Sağlam cəmiyyətin, güclü dövlətin əsas təminatçılarından biri də səhiyyə sistemidir”

“Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə tibbi sahədə olan bəzi çatışmazlıqlar aradan qalxacaq”

“Hər bir vətəndaş ilkin tibbi yardım, müayinə və müalicə xidməti ala bilməlidir”

Ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı dövlət siyasəti uğurla davam etməkdədir. Bir çox dövlətlərdə olduğu kimi, Azərbaycanda da pandemiya ilə mübarizə aparılır. Hazırda dövlət siyasətinin əsas məqsədi vətəndaşlarımızın sağlamlığıdır.

Bu çətin və keşməkeşli mübarizədə həkimlərimizin fəaliyyətini xüsusilə vurğulamaq lazımdır. Məlumdur ki, 17 iyun tibb işçilərinin peşə bayramı günüdür. Pandemiya dövründə fədakar və peşəkar tibb işçilərinin davamlı fəaliyyəti hər birimiz tərəfindən təqdir olunmalı və yüksək dəyərləndirilməldir.



“Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycanda səhiyyə son dövrlərdə həqiqətən də böyük inkişaf yolu keçib.
İqtisadçı bildirib ki, yeni tibb müəssisələrinin tikilməsi, xəstəxanaların müasir tibbi cihaz və avadanlıqları ilə təmin olunması, həkimlərin peşəkarlığının artması bunu deməyə əsas verir:

“Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə tibbi sahədə olan bəzi çatışmazlıqlar aradan qalxacaq. Bu sistem bütün ölkədə tətbiq olunduqdan sonra isə problemlər tam həll olunacaq. Hər bir vətəndaş ilkin tibbi yardım, müayinə və müalicə xidməti ala bilməlidir. Ümumiyyətlə epidemiyada səhiyyəmiz çox yüksək effektivlik nümayiş etdirdi. Həkimlərimiz fədakarlıqla çalışdılar, dövlət də hər cür köməklik göstərdi bu işdə. Sağlam cəmiyyətin, güclü dövlətin əsas təminatçılarından biri də səhiyyə sistemidir. Ona görə də səhiyyəyə diqqət maksimum artırılmalıdır. Ölkəmizdə vicdanlı, peşəkar həkimlər çoxdur. Onların 17 iyun peşə bayramlarını təbrik edir, müqəddəs işlərində uğurlar arzu edirəm”.