"Azərbaycan yaşadıqca Ümummilli lider də yaşayacaq, var olacaq!

“15 iyun tarixi hər zaman minnətdarlıqla xatırlanacaq, qeyd olunacaq"



"15 iyun 1993-cü il tarixi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunub". 
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. Deputat bildirib ki, Ümummilli lider Heydər Əliyevin xalqın tələb və təkidi ilə ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın ikinci müstəqillik tarixində yeni mərhələnin başlanğıcı oldu: 
"Ulu öndər ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanı ilk növbədə vətəndaş müharibəsindən, parçalanmaqdan, bölünməkdən, müstəqilliyini itirməkdən xilas etdi. 
Azərbaycan iqtisadiyyatı Ümummilli liderin həyata keçirdiyi siyasət nəticəsində yenidən dirçəlməyə başladı. Azərbaycanda sözün əsl mənasında dövlət və dövlətçilik quruculuğuna start verildi. 



Bu gün dünyada sülhə, təhlükəsizliyə töhfə verən Azərbaycanın uğurlu Ulu Öndər Heydər Əliyevin vaxtilə həyata keçirdiyi uğurlu enerji, neft siyasəti və strategiyası nəticəsində mümkün olub. 1994-cü ilin 20 sentyabr tarixində imzalanan “Əsrin müqaviləsi” heç də asan başa gəlmədi.
Güclü təzyiq və təkidlər qarşısında mətinliklə, mərdanəliklə duruş gətirən Ümummilli lider Heydər Əliyevin sayəsində bu tarixi müqavilə həyata vəsiqə qazandı. Həmin vaxtdan başlanan yol “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, Cənub Qaz Dəhlizi, TANAP və sair tarixi və möhtəşəm layihələrlə özünü nümayiş etdirdi". 

Parlament üzvünün sözlərinə görə, bu yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: 

"Azərbaycan yaşadıqca Ümummilli lider Heydər Əliyev də yaşayacaq, var olacaq. 15 iyun tarixi hər zaman minnətdarlıqla xatırlanacaq, qeyd olunacaq".