"İki böyük ölkə müharibə astanasındadır" - SENSASİON TƏHLİL


Çin-Hindistan sərhəddində iyunun 15-də axşam saatlarında ölümlə nəticələn insident baş verib. Çin hərbçiləri hindistanlı zabiti və iki əsgəri öldürüblər. 
Son günlər iki ölkə arasındakı gərginliyin artdığını deyən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasında bildirib ki, Çin hərbçiləri Hindistan ərazisinin 60 kvadrat ərazisini ələ keçirmişdilər. 
Analitik bildirib ki, eyni zamanda iki ölkənin sərhədçiləri bir-birlərinə daş atmışdılar:

“Ancaq həmin insident zamanı atəş açılmamış və ölən olmamışdı. Bu dəfə isə ölənlər var və hadisələrin mənfi istiqamətində inkişaf edəcəyi istisa deyil. Hazırda hər iki ölkənin hərbçiləri məsələni aydınlaşdırmaq üçün görüşmələr həyata keçirirlər. 

Ölümlə nəticələnən insidentin baş verəcəyi gözlənilən idi. Çünki son aylarda Çin Hindistanla sərhəddin dağlıq hissəsinə əlavə qüvvələr göndərmişdi. Hindistan Çinin bu siyasətindən narazı idi. İyunun 6-da iki ölkənin diplomatları arasında görüş keçirildi və belə qərara gəlindi ki, sərhəddin dağlıq hissəsində anlaşmazlıqlar sülh və danışıqlar yolu ilə həll edilsin. Ancaq Çinin hesabları fərqli idi”.

E.Şahinoğlu qeyd edib ki, Çin açıq-aşkar Hindistan ərazisinə iddia edir və bu məqsədlə sərhəd qoşunlarını dağlıq massivlərdə irəli çəkməyə çalışır:

“Hindistanın müdafiə naziri Radjnatx Sinqxin sözlərinə görə, Rəsmi Dehli Çinin sərhəd boyu irəliləməsinə imkan verməyəcək. Pekin bu siyasəti uzun onilliklərdir davam etdirir.

Çin ordusu 1962-ci ildə Hindistan ərazisinə daxil olaraq Himalay dağlarının bir hissəsini işğal etmişdi. 
Dehli Pekinlə qarşıdurma istəmir. Ancaq dialoq nəticə vermir.

Digər böyük dövlətlər vəziyyətə qarışmasa, Çinlə Hindistan arasında müharibə ehtimalı artacaq. Çünki, Hindistan öz hərbçilərinin öldürülməsinə seyrçi qalmaya da bilər.

İki nüvə dövləti və ümumi əhalisinin sayı 3 milyardı aşan iki dövlətin müharibə astanasına gəlməsi bölgəni fəlakətə aparacaq. Ona görə də ABŞ, Rusiya və Avropa İttifaqı məsələyə müdaxilə etməlidirlər”.