Tahir Kərimli : “Həkimlər hər zaman sevilən, xüsusi hörmət göstərilən bir peşənin nümayəndələridir"  

“17 iyun tibb işçiləri günü münasibəti ilə bütün səhiyyə heyətini, həkimlərimizi ürəkdən təbrik edirəm”. 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Tahir Kərimli deyib. 

Deputat bildirib ki, tibb işçiləri dünyanın ən humanist peşə sahibləridir: 

“Həkimlər gördükləri iş səbəbi ilə hər zaman insanlar tərəfindən ehtiyac duyulan, sevilən, xüsusi hörmət göstərilən bir peşənin nümayəndələridir. Həkimlər insanların sağlamlığının keşiyində durur. Çünki dünyanın ən dəyərli varlığı bəşərdir. Bu varlığın səhhətini qoruyanlar isə tibb işçiləridir. O baxımdan həkimlər bizim üçün hər zaman qiymətlidir. Hamımız həyatda ən dəyərli bildiyimiz canımızı, sağlamlığımızı həkimlərə əmanət edirik. Koronavirusla mübarizədə tibb işçilərimiz əsl qəhrəmana çevrildilər. Bu müddət ərzində çox böyük fədakarlıq göstərdilər. Həyatlarını, sağlamlıqlarını riskə ataraq, yoluxmuş vətəndaşların müalicəsi ilə yaxından məşğul oldular. Aylarla evlərinə gedə bilmədilər, fiziki və mənəvi əzab-əziyyət çəkdilər. Heç kim həkimlərimizin fəaliyyətini inkar edə, fəaliyyətlərini kiçildə bilməz. Bu ağır günlərdə onların fədakarlığını heç zaman unudulmayacaq”. 

Parlament üzvü təssüflə qeyd edib ki, bəzi adamlar həkimlərin fədakarlığını görməzdən gəlir, heçə sayır: 

“Tibb işçilərinin bütün həyacanlı çağırışlarına rəğmən, hələ də “virusa inanmıram, hamısı oyundur” deyənlər var. Bu cür zərərli düşüncələr həkimlərimizin misilsiz xidmətlərini də kölgədə qoyur. Onların fədakarlığını heçə endirir. Buna son qoymaq lazımdır”.