"Təkəbbürü çox,  sənəti yox müğənnilər"ə sərt ismarıc: "Yüksəldikcə, sadələşdim..."

“Özümüzü bu xalqdan, bizi sevən, ucaldan, sənətimizin zirvəsinə gətirən millətdən niyə qorumalıyıq ki?!”


“Xalqa, bizi sevənlərə qarşı dikbaş olmağın, yuxarıdan aşağı baxmağın əleyhinəyəm”


Tövsiyəm budur ki, atalarımızın “Bar verən ağac başını aşağı dikər” kəlamına qulaq assınlar” 
İncəsənət aləmində sənətkar təvazökarlığı deyə bir anlayış var.  Lakin  bu  hər sənət adamında olmur. Elə müğənnilər var ki, onların istər media nümayəndələrinə, istərsə də xalqa qarşı rəftarı xoşa gələn deyil. Xalq artisti statusunu almış, illərin sənətkarları ilə əlaqə saxlamaq, bir mahnıyla məşhurlaşan, qeyri-peşəkar və naşı müğənnilərlə bağlantı qurmaqdan daha asandır.

Çünki həmin naşı müğənnilərin bəzən 2 və 3 köməkçisi, prodüseri olur. Sənəti və ifası ilə xalqın ruhunda, qəlbində taxt quran sənətçilər, xalq artistlərinə gəlincə, əminliklə deyə bilərik ki, telefon zənglərinə məhz onların özləri cavab verir. Əlbəttə, bu da bir səmimiyyət nümunəsidir,bir etalondur.  

Bəs bəhs etdiyimiz müğənnilərin  özlərini xalqdan, mediadan  uzaqlaşdırması  nə dərəcədə düzgündür? 

“Sherg.az”da  məsələyə münasibətini öyrənmək üçün sevilən xanəndə, xalq artisti Gülyanaq Məmmədova ilə əlaqə saxlayaraq, həmsöhbət olub:

 “Yeni şöhrətlənəndə, ya da birdən-birə tanınanda,  diqqət cəlb etmək üçünmü edirlər, bilmirəm...Özümüzü bu xalqdan, bizi sevən, ucaldan, sənətimizin zirvəsinə gətirən millətdən niyə qorumalıyıq ki? Səmimi, sadə şəkildə  xalqın arasında olmaq hamımızın borcudur. Sabah bu səs olmasa, sıradan insanlarıq... Hərəyə Allah öz sahəsində  sənətkarlıq verir.

Musiqimizə, mədəniyyətimizə xidmət etdiyimiz üçün diqqət mərkəzindəyik. Hər zaman tamaşaçıya həyat tərzimiz, davranışımız, onlara  münasibətimiz maraqlı olub. Amma  xalqa, bizi sevənlərə qarşı dikbaş olmağın, yuxarıdan aşağı baxmağın əleyhinəyəm. Həmişə demişəm, Allah ağlımı aldığı gün, canımı alsın. İstəyirəm ki, necəyəmsə hər zaman elə olum. Onlara da  tövsiyə verib, nə isə deyə bilmərəm. 

Zamanla düzələcək, onlar da sadələşəcəklər, təzə şöhrətlənəndə elə olurlar. Hamımız kənddə, sadə fəhlə ailəsində doğulduq, böyüdük zəhmətlə, hər şeyi  görə-görə buralara gəldik.  Belə rəftar edənlər  bir anlıq dönüb keçmişə  baxsın. 

Məncə düşünməlidirlər ki, kim idim? Hara gəldim? Necə ucaltdılar, sevdilər? Bu sənətdə nələrə nail oldum? Ona görə də olmaz... Bu səsi də Allah verib və  bir dəqiqədə ala bilər.  Onda baxaq görək kimik? 

Öz nüfuzuma görə deyirəm ki, bu cür böyüdülmüşəm. İndiyə  qədər əməkdar artist, xalq artisti  olmuşam. Yüksəldikcə, sadələşdim. Ona görə də, məni sevirlər və bu mənada çox  sevincliyəm. 

Sənətkar bu yaxınlarda doğum gününü  ailəsi ilə birlikdə qeyd  etdiyini söylədi:

“İnanın, üç gün nə telefonum susdu, nə mesajlarım ara verdi. Mənim  üçün böyük xoşbəxtlikdir. Ümumi mesaj yazıb hamısına göndərmədim. Nə sənət  dostlarıma, nə tələbələrimə, nə də məni sevən tamaşaçılara. İnstaqramdan, feysbukdan hər birini ayrı-ayrılıqda  cavablandırmışam. Hətta tanımadıqlarım, gözəl mesajlar yazanlardan da adlarını soruşub, telefona qeyd etdim, çalışdığım qədər diqqət göstərdim. Axı mənim qəlbimi sevindirdilər, necə qiymətləndirməmək olar? Əsasən də gənclərə tövsiyəm odur ki, “Ağac nə qədər bar versə başını aşağı əyər”. Hər halda  zamanla düzələcəklər...”

Sonda Gülyanaq xanım, biz media mənsublarını da unutmadı:

“Sizlər də durmadan, yorulmadan gecə-gündüz  çalışırsınız. İşiqlandırırsınız, sizə elə etmək olarmı? Olmaz !”