"Paşinyan hökumətinə qarşı etirazlar daha mütəşəkkil, ardıcıl xarakter daşıyır” - TƏHLİL    

“Ermənistan hakimiyyətində xaos açıq şəkildə özünü göstərir”

Bunu “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib. 

Parlament üzvü bildirib ki, hər bir ölkənin inkişafı və xalqın təhlükəsizliyi o ölkənin prezidentinin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində həyata keçirilir: 



“Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir. Əlbəttə, bu sabitliyə və təhlükəsiz həyat şəraitinə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində nail olunub. Ermənistan xalqı isə hələ də reallığı görə bilmir və küçə “demokratı”nın hakimiyyətə gəlməsində nə qədər səhvə yol verildiyini anlamır. Məhz bu səbədən işğalçı ölkədə iqtisadi böhran və xaos dərinləşir. Son günlərdə Ermənistanda siyasi və sosial-iqtisadi böhran daha da acınacaqlı vəziyyətə çatmışdır. Bütün dünya ölkələrini bürümüş pandemiya Ermənistan hökumətini tamamilə iflic vəziyyətinə salıb. İşğalçı ölkənin hakimiyyəti heç bir halda böhrandan çıxış yolu tapa bilmir. Ölkədə iqtisadiyyatın sürətli tənəzzülü, dövlət qurumlarının öz funksiyasını icra edə bilməməsi, xüsusilə də, hakimiyyətlə xalq arasındakı problemlər böhranı daha da dərinləşdirir. Belə olan təqdirdə isə Paşinyan hökumətinə qarşı müxalifətin etirazları daha mütəşəkkil, ardıcıl xarakter daşıyır”. 

Parlament üzvü vurğulayıb ki, baş nazir Nikol Paşinyanın Ermənistan daxilində reytinqi ciddi problemlər fonunda sürətlə düşür: 

“Bir tərəfdən pandemiyanın gətirdiyi ciddi problemlər, digər tərəfdən Rusiya ilə “qaz anlaşması”nın əldə edilməməsi, habelə, ölkə daxilində vətəndaş həmrəyliyinin mövcud olmaması Paşinyan iqtidarını küncə sıxır. Ermənistan hökuməti bütün problemləri koronavirusla əlaqələndirməyə çalışır, lakin müxalifət böhranın başlıca səbəbi kimi Paşinyanın səriştəsizliyini önə çıxarır. Hökumətə qarşı təzyiqlər artdığı bir zamanda “Çiçəklənən Ermənistan Partiyası”nın sədri Qaqik Çarukyan daha da fəallaşır. O, baş nazir Paşinyanın istefa etməsini tələb edib ki, bu da açıq-aşkar Paşinyana meydan oxumaqdır. Təbii ki Paşinyan ilk fürsətdə Çarukyan təhlükəsini uzaqlaşdırmaq istəyəcək, amma bu siyasi olaraq hələlik mümkün deyil. Ermənistan iqtidarının həyata keçirdiyi siyasət tam səmərəsizdir”. 

A.Məmmədov qeyd edib ki, Ermənistanda daxili sosial-siyasi və iqtisadi böhran dərinləşməkdədir: 

“Paşinyan iqtidarının yaratdığı səriştəsizliklər bütün müsbət cəhdləri məhv edir. Bunun fonunda cəmiyyətdə parçalanma və qarşıdurmaların meydana gəlməsi ehtimalı az deyil. Bundan sonra daha geniş və güclü çaxnaşmaların meydana gəlməsi zəruri hal alır. İşğalçı ölkədə sürətlə pisləşən vəziyyət mövcud hakimiyyətdən narazılığı daha da artırır. Amma görünən budur ki, Nikol Paşinyan üçün bunlar hansısa önəm kəsb etmir. Bu hökumətin xarici siyasət kursunda da müəyyənlik, səbatlılıq yox dərəcəsindədir. Paşinyan həm Qərbə, həm də Rusiyaya yarınmağa çalışır. Bu davranışın əziyyətini isə Ermənistan əhalisi çəkir. Paşinyan Ermənistan cəmiyyətinin başını qatmaqla məşğuldur. Nəticədə Ermənistanda 1999-cu ilin oktyabrı, 2008-ci ilin martı və 2018-ci ilin mayının təkrarlanacağı istinsa olunmur. Bu gedişlə Ermənistan Paşinyan dönəmində daha sürətlə məhvə doğru gedəcək”.