Xalqımız səhiyyə işçilərinin gərgin əməyini yüksək dəyərləndirir” 

“Onların şərəfinə ölkə başçısının tapşırıqlarına əsasən, “Alov qüllələri” kompleksinin üzərində simvolik işıqlandırma təmin olunub”

“Qəhrəman həkimlərimiz bir çox dövlət orqanlarında ayaq üstündə alqışlanıblar”



“17 iyun səhiyyə işçilərinin peşə bayramıdır. Hər il bu əlamətdar gün cəmiyyətimiz tərəfindən geniş şəkildə qeyd olunur”. 
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Nəsib Məhməliyev deyib. 
Deputat bildirib ki, bu il dünyanı bürümüş koronovirus pandemiyası ilə mübarizə kontekstində həkimlərin, ümumiyyətlə səhiyyə işçilərinin gərgin əməyi xalqımız tərəfindən xüsusi olaraq dəyərləndirilir: 



“Onların şərəfinə ölkə başçısının tapşırıqlarına əsasən, “Alov qüllələri” kompleksinin üzərində simvolik işıqlandırma təmin olunub.

Milli Məclis başda olmaqla, koronavirusun müalicəsi ilə bilavasitə məşğul olan, aylarla şəxsi həyatlarını risk altına qoyaraq, ailə üzvləri, övladları ilə görüşə bilməyən qəhrəman həkimlərimiz bir çox dövlət orqanlarında ayaq üstündə alqışlanıblar.

Digər tərəfdən karantin rejimi ilə əlaqədar sərhədlər bağlı olduğu üçün, müəyyən nasazlığa görə xarici ölkələrə gedən insanlarımız da öz həkimlərimizə üz tuturlar. Belə vəziyyət isə hesab edirəm ki, milli səhiyyəmizin daha da inkişaf etməsinə xidmət etməli, xalqın öz həkimlərinə olan inamını artırmalıdır. Əziz həkimlər və səhiyyə işçiləri!

Sizi gözəl, humanist, hər bir pasiyentin “ümid çırağı” hesab olunan peşə bayramınız münasibətilə təbrik edirəm. Möhkəm can sağlığı, müalicə etdiyiniz xəstələrin alqışlarını və dualarını arzulayıram!”.