Dezinformasiyaları necə önləyək? - “Peşəkar mediaya inam bərpa edilməlidir!”

“Oxucuya yalan danışmaq olmaz. Eyni zamanda maraqlı, obyektiv, tərəfsiz yazılar verilməlidir”


Sosial şəbəkələr XXI əsrin ən böyük kəşflərindən biri hesab olunur. Etiraf etmək lazımdır ki, bu, bir çox cəhətdən, o cümlədən interaktiv ünsiyyətin, informasiya təminatının ödənməsi baxımından yaxşıdır. Eyni zamanda sosial media vasitəsilə vətəndaş jurnalistikasının inkişafına yol açılır. Hər kəs istədiyini yazır, çəkir, paylaşır. Bəlkə, bu da yaxşıdır. Amma...Yayılan dezinformasiyalar, qeyri-dəqiq, yoxlanılmamış məlumatlar peşəkar mediaya inamı azaldır. Başqa sözlə desək, həqiqət yalana uduzur. Deyəsən, sosial media yalanları səciyyəvi xüsusiyyətə malikdir-ayaq tutan kimi yüyürür...

 Bəs peşəkar media belə dezinformasiyalara qarşı necə mübarizə aparılmalıdır? 

“Sherg.az”ın bu sualını cavablandıran “Ayna”-“Zerkalo”qəzetinin baş redaktoru Elçin Şıxlının fikrincə, bircə çıxış yolu var:

“Kiminsə ağzını bağlamaq, yaxud sosial mediaya qadağa qoymaq olmaz. Bu, arzuolunan effekt verməyəcək. Yenə də dedi-qodu, şayiə yayan tapılacaq. Bir sıra ölkədə, o cümlədən də Azərbaycanda sosial mediada yayılanların peşəkar mətbuatdakı informasiyaları üstələməsi təsadüfi deyil. Çünki professional mətbuat bəzən o qədər yalan danışıb ki, ona qarşı inamsızlıq yaranıb. İndi itirilən inam bərpa edilməlidir. Bunun yolu isə peşəkar medianın öz işinin öhdəsindən layiqincə gəlməsidir. Sadəcə oxucuya yalan danışmaq olmaz. Eyni zamanda maraqlı, obyektiv, tərəfsiz yazılar verilməlidir. Bu proses davamlı, axıra qədər davam etməlidir. Ancaq bu halda şayiələrə, xalqı çaşdıran məlumatlara qalib gəlmək olar”.