Tahir İmanov:“Bəhramın vəziyyəti ağır-stabildir”  

Xəbər verdiyimiz kimi, əməkdar artist Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub.  O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Əməkdar artistin 90 faizdən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.  Lakin tanınmış aktyorla bağlı həqiqətə uyğun olmayan məlumatlar da yayılır. 

 “Sherg.az” olaraq bu amili nəzərə alaraq Bəhram Bağırzadənin  ən yaxın dostlarından biri, KVN teatrının bədii rəhbəri, əməkdar artist  Tahir İmanovla əlaqə saxladıq. Aktyor qeyd etdi ki, rəsmi məlumatdan başqa bir söz deyə bilməz:

“Mərkəzi Gömrük Hospitalının  rəsmi məlumatından başqa heç nə deyə bilməyəcəm. Məndə də eyni məlumatdır və ancaq ona inanıram. Vəziyyəti  ağır-stabildir,  Rəşad doktor necə deyibsə eyni sözü təsdiqləyirəm. Rəşad həkimə inanıb sizə deyirəm. Başqa heç  nə əlavə edə bilmərəm”.

Tahir müəllim fürsətdən istifadə edib, yalan xəbərlər yayanlara da irad bildirdi:

“Əşşi, danışsınlar! Bəhramın xəstəliyi ilə hər kəs özünə  reytinq yığmaq, populyarlıq qazanmaq istəyir. Özləri bilər, nə isə...”.