Sərt təpki: “...Ya da Azərbaycan əsgəri Ermənistanı başa salacaq” 

Ermənistanda küçə aksiyaları başlayıb. Ölkənin xüsusi xidmət orqanları Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Çarukyanın evini mühasirəyə alıb. Partiyanın İrəvandakı ofislərində isə yoxlamalar başlayıb. Buna cavab olaraq çoxlu sayda insan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiyasına başlayıb. 

Erməni mediası bildirir ki, Çarukyanın tərəfdarları olan etirazçılar Baş Nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Əraziyə polis qüvvələri yeridilib. Polis etirazçıların qarşısını kəsib və onları binaya daxil olmağa imkan verməyib. Etirazçılar “Nikol, get”, “Çarukyan Baş Nazirdir” şüarları səsləndiriblər. aksiyada “Çiçəklənən Ermənistan” fraksiyasının deputatları İvetta Tonoyan, Naira Zoqrabyan, Karine Poqosyan, Arman Abovyan, Qevork Petrosyan iştirak ediblər. Ermənistanda polis müxalif “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqiq Tsarukyana qarşı 3 cinayət işinin açılması və ifadəyə çağırılmasına etiraz edən deputatlara qarşı güc tətbiq edilib. 

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası qarşısına toplaşan aksiyaçıları dağıtmaq üçün xüsusi polis qüvvələrindən istifadə edilib. Deputatlar zorla Xancyan küçəsindən uzaqlaşdırılıb. Polisin güc tətbiq etməsi nəticəsində deputatlardan Karine Poqosyan və Arman Abovyan xəsarət alıb, Caanibek Ayrapetyanı isə polislər sürüyüb. Digər deputatlar Caanibek Ayrapetyanın hara aparıldığını bilmədiklərini söyləyiblər. Bir müddət sonra isə polis həmin deputatın ərazidən uzaqlaşdırıldığını bildirib.

Millət vəkili Elman Məmmədov “Sherg.az”a açıqlamasında bildirib ki, Ermənistanda aksiyaların başlanması Paşinyanın yarıtmaz siyasəti ilə bağlıdır. Deputatın sözlərinə görə, Ermənistanda baş verənlər Azərbaycanın xeyrinədir:

“Son 25 il ərzində Ermənistanda hakimiyyətə rəhbərlik edənlərin kimliyinə baxaq. Hərbi canilər, soyqırım törədənlər, uşaq qatilləri, Koçaryanlar, Sarkisyanlar və.s. Sonra da qanuni yox küçə yürüyüşləri və təzyiqləri ilə hakimiyyəti zorla ələ keçirmiş küçə “adam”ı Paşinyan. Küçə yürüşlərində Paşinyan erməni ictimaiyyətinə hansı vədləri verirdi? Deyirdi ki, filan-filan işləri görəcək, amma hakimiyyətdə olduğu müddətdə dediklərinin birini də etmədi. Çünki avatüra ilə məşğul idi və həlli mümkün olmayan vədlər verirdi. Artıq erməni ictimaiyyəti və siyasi arenası görür ki, Paşinyan dediklərinin heç birini edə bilmədiyi bir yana, üstəgəl hakimiyyətə gələndən bu günə qədər Ermənistan bütün sahələrdə ən fəlakətli və faciəli günlərə düşüb”. 

E.Məmmədov bildirib ki, hazırda Ermənistanın hansı vəziyyətdə olduğu beynəlxalq hesabatlarda öz əksini tapır:

“Bu gün dünyanı bürümüş koronavirus Ermənistanı pis günə qoyub. Çünki artıq Ermənistanda siyasi hakimiyyət iflasa uğrayıb, iqtisadiyyat yox dərəcəsindədir. Xəstəliklə mübarizə üçün siyasi hakimiyyətin gücü və iqtisadi imkanlar lazımdır. Bunlar da Ermənistanda yoxdur. Ona görə də Ermənistanda bu gün Paşinyana qarşı müxalif qüvvələr birləşib güclənirlər. Bütün bunlar Ermənistan ordusuna güclü zərbələrin vurulmasıdır. Bu da bizim xeyrimizədir”. 

Millət vəkili qeyd edib ki, ölkəmizin beynəlxalq aləmdə hüquq və siyasi müstəvidə, həmçinin iqtisadi sahələrdə qazandığı uğurlar Ermənistana zərbələr vurur və onlar çıxılmaz vəziyyətdə qalır:

“Ermənistan burada bütün göstəricilər üzrə Azərbaycanın qarşısında özünü aciz, müdafiəsiz və gücsüz hiss edir. Çıxış yolu odur ki, ya Ermənistanda Paşinyan kimi küçədən gəlmiş təsadüfi adamları rədd edib, ağıllı siyasətçilər hakimiyyətə gəlib qonşularla, o cümlədən Azərbaycan və Türkiyə ilə normal münasibətlər yaratmalıdırlar. Bu da işğalçılıq və düşmənçilik siyasətindən əl çəkməkdən keçir. Ya belə olmalıdır, ya da sonda Azərbaycan əsgəri sözünü deyib Ermənistanı başa salacaq”.