“İqtisadiyyat tamamilə texnologiya üzərindən qurulacaq” 

““Microsoft” kimi şirkətlərin ölkəmizlə sıx əməkdaşlığı iqtisadiyyatımızın sürətli inkişafına təkan verəcək”



“Cənab Prezident İlham Əliyevin dünyanın ən tanınmış texnologiya şirkəti - “Microsoft” şirkətinin rəhbərliyinin təşəbbüsü ilə onlarla videokonfransı çox əlamətdar hadisədir”. 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. 

Deputat bildirib ki, şirkət rəhbərliyinin təşəbbüsü ilə reallaşan görüşdə mühüm məsələlərin müzakirə olunması beynəlxalq qurumların Azərbaycan Prezidentinə olan hörmət və etiramından, eyni zamanda etibardan irəli gəlir: 

“Hər sahədə qüdrətlənən Azərbaycan əksər ölkələr və qurumlar tərəfindən ən etibarlı tərəfdaş hesab olunur. Ölkə rəhbəri cənab İlham Əliyev dünyada gedən proseslərə adekvat cavab verməyi və vaxtında qiymətləndirməyi çox yaxşı bacarır.

Nüfuzlu texnologiya şirkətləri hər ölkə ilə əməkdaşlıq etmirlər. Bu münasibətin kökündə Azərbaycan dövlətinə, xüsusən ölkə başçısı cənab İlham Əliyevə olan etimad və etibar dayanır. Nəzərə alaq ki, pandemiya dövründə mövcud vəziyyətin nə qədər çəkəcəyini tibb elmi müəyyənləşdirməkdə çətinlik çəkir.

Ona görə də hazırda tətbiq olunan müasir texnoloji yeniliklər həyatımızın bir hissəsinə çevrilib. Bundan sonra əksər münasibətlər, müzakirələr məhz texnoloji vasitələr üzərindən təşkil ediləcək. Müzakirələrdə əsas məqsədlərdən biri də növbəti dərs ilinə hazırlıqdır”. 

C.Osmanov qeyd edib ki, pandemiya davam edərsə, çox güman ki, 15 sentyabrda məktəblər açılmayacaq: 

“O baxımdan distant təhlilə üstünlük vermək çox vacibdir. Cənab Prezidentimiz də bu məsələyə hər zaman xüsusi diqqət yetirir. Təhsilli, bilikli, savadlı, müasir dünya görüşünə sahib gənclərin yetişdiriməsi Azərbaycanın gələcək inkişafına böyük töhfə deməkdir. Hər bir dövlət yaxşı başa düşür ki, onun ölkəsində müasir texnologiyanı dərindən bilən savadlı mütəxəssislər yetişdikcə, ölkə bir o qədər tez və sürətli inkişaf edəcək. Ölkə başçısı təhsilin axsamaması və davamlı olması məqsədi ilə “Microsoft” şirkəti üzərindən distant təhsilin 15 sentyabra kimi hazırlıq mərhələsinə gətirilməsini istəyir. Bu, da çox önəmlidir”. 

Parlament üzvü bəyan edib ki, bundan sonra iqtisadiyyat tamamilə texnologiya üzərindən qurulacaq: 

“Belə şirkətlərin ölkəmizlə sıx əməkdaşlığı iqtisadiyyatımızın sürətli inkişafına təkan verəcək. Müasir zamanda əsas məsələ vaxt itkisinin qarşısını almaqdır. Bu da yalnız müasir texnologiya vasitəsi ilə mümkündür. Bir məqamı da xüsusi vurğulamaq istəyirəm ki, nüfuzlu beynəlxalq şirkət rəhbərləri Azərbaycanda gedən proseslərə, islahatlara, pandemiyaya qarşı görülən tədbirlərə görə dövlət başçısı cənab İlham Əliyevə xüsusi minnətdarlıq edirlər. Bu da onu göstərir ki, ölkə rəhbəri bütün dünyada sayılıb-seçilən bir lider və yüksək intellekt sahibidir”.