Paşinyanın iç üzü açılır: “Sözdə demokrat, əməldə despot” 

“Gurultulu bəyənatlar ancaq körpünü keçənə kimi imiş. Əslində isə Ermənistandanda avtoritar rejim hökm sürür”


Bir neçə gün əvvəl "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. Sarukyan ifadə vermək üçün istintaqa cəlb olunub. Onun həbs ediləcəyi istisna deyil. 


Q.Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri bunun qarşısını kobudluqla alıb  və yüzlərlə adamı saxlayıblar.  Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edib.

Beləliklə, hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanlarının lüzumsuz yerə güc tətbiq etməməsi, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına atılıb.

Sual yaranır, Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.
 
 
Bu münasibəti “Sherg.az”a təhlil edən politoloq Fikrət Sadıqov artıq hökumət rəhbərliyinin maskasının düşdüyü qənaətindədir:

“Bütün bunlar bir daha Paşinyanın iç üzünü açır. Sübut olunur ki, baş nazirin demokratik dəyərləri sadəcə sözdədir. Gurultulu bəyənatlar ancaq körpünü keçənə kimi imiş. Əslində isə Ermənistandanda avtoritar rejim hökm sürür”. 

 F. Sadıqov, həmçinin bildirdi ki, belə bir şəraitdə biz ancaq öz gücümüzə arxalanmalıyıq:

“Belə ikili yanaşmalara çoxdan öyrəşmişik. Beynəlxalq qurumların qeyri-obyektiv münasibəti, ikili siyasəti gün kimi aydındır. Deməli, biz heç kimə, heç nəyə ümid etməli deyilik. Müstəqil, inkişaf etmiş dövlət olaraq ancaq öz gücümüzə inanmalı və hücum taktikasını seçərək hərbi, diplomatik addımlar atmalıyıq”.