Moskva Sarukyanın dili ilə MESAJ VERİR: “Paşinyan hökuməti 2 ay ərzində devriləcək”

“Paşinyan isə çox narahatdır ki, hər an hökuməti devirə biləcək müəyyən çevriliş, hətta hərbi çevriliş ola bilər”





“Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. Q.Sarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb olunub. Onun həbs ediləcəyi də istisna olunmur. Q.Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. 

Artıq Ermənistanda Q.Sarukyan tərəfdarları etiraz aksiyalarını başladıblar. Diqqət çəkən əsas məqam isə Q.Sarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyidir. 



Baş verənləri “Sherg.az”a dəyərləndirən politoloq Natiq Miri bildirib ki, Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası xarici ölkələrin, xüsusilə Rusiyanın maliyyə şəbəkələrinin maraqlarını ifadə edən siyasi güc mərkəzidir. 
Analitikin sözlərinə görə, əslində Sarukyanın özü siyasi lider deyil. O sadəcə Moskvada oturan müəyyən dairələrin qəbul etdiyi qərarların icraçısıdır:

“Ona görə Sarukyanı o qədər də ciddi qəbul etmək lazım deyil. Bu gün Sarukyan Paşinyan hökümətinə qarşı çıxırsa, yaxın 2 ay ərzində Paşinyan hökumətinin devriləcəyini deyirsə, bu, Sarukyanın fikri deyil, Moskvadan gəlmiş mesajdır. Sarukyan da bunu sadəcə olaraq dilə gətirir. Sarukyan o qədər də ciddi şəxs deyil. Çünki indiyə qədər o fikirlərində çox “sürüşkən” olan şəxs kimi özünü tanıdıb.

Sarukyanın parlamentdə toxunulmazlığı qəbul edildikdən və ona cinayət işinin açılması və həbsinə qərar verilməsindən sonra hara qədər bu fikirlərinin üstündə dura biləcək? Sabah eşitsək ki, Sarukyan Paşinyan hökümətini dəstəkləyici qərarlar verir, açığı buna o qədər də təəccüblənmərəm.

Çünki o və onun rəhbərlik etdiyi partiya bir marginal qrupdan ibarətdir. Bu da konkret böyük maliyyələrin hesabına fəaliyyət göstərir. Bütün parlament seçkilərində Sarukyanın rəhbərlik etdiyi partiyanın aldığı səslərin hamısı əhaliyə və müəyyən qruplara verilmiş maliyyə rüşvətləri hesabına mümkün olub. Bunu Ermənistanda bilməyən yoxdur”.

Politoloq qeyd edib ki, İrəvanda Sarukyanı müdafiə edən şəxslərin çoxsaylı etirazları olmadı:

“Təbii ki, Sarukyanın maliyyə qaynaqlarından bəhrələnən kiçik qrup insanlar var ki, onlar konkret sifarişlərlə küçələrə çıxmışdılar. Burada da erməni xalqı tərəfindən sosial dəstəklərin olmadığı üzə çıxdı. Paşinyan Azərbaycanda nə qədər sevilməsə də, etiraf etmək lazımdır ki, bu gün Ermənistanda müəyyən mənada Paşinyan hökumətinin ciddi dəstəyi hələ də mövcuddur. Paşinyan hökuməti məhz bu dəstəyin hesabına hələ hakimiyyətdə qalmağa davam edir.

Hazırda bir çox siyasi qüvvələr, həmçinin Ermənistanın havadarı olan Rusiya doğurdan da Paşinyan hökumətinin devrilməsində maraqlıdır. Amma bu gün Paşinyan hakimiyyətdə qala bilisə, bu hələ də xalqın ona göstərdiyi etimada görədir. Bu gün Ermənistanda  çox ciddi şəkildə anti-Rusiya ovqatı var. Paşinyan da bu kökdə oynamağa başlayıb, yəni əhalinin anti-Rusiya ovqatlı olduğu üçün Rusiyayönlü bütün kadrlar zərərsizləşdirilib.

Təhlükəsizlik xidmətinin rəhbərindən tutmuş bir çox Rusiyayönlü rəhbərləri, nazirləri hakimiyyətdən uzaqlaşdırdılar. Bu, ona görə oldu ki, Paşinyan çox narahatdır ki, hər an hökuməti devirə biləcək müəyyən çevriliş, hətta hərbi çevriliş ola bilər”.

Beynəlxalq təşkilatların susqunluğuna gəlincə analitik vurğulayıb ki, beynəlxalq təşkilatlar və Qərb ölkələri Ermənistanda baş verən prosesləri çox yaxşı izləyilər. Bu məsələnin kökündə Rusiyanın durduğu da bəllidir:

“Sarukyan keçmiş prezident Köçəryandan ayrı bir şəxs deyil. Gizli olsa da Sarukyan ciddi şəkildə Köçəryan qruplaşmasını dəstəkləməkdədir. Moskvadan gələn sifarişlə demək olar ki, Köçəryanın azad olunması üçün hüquqi maliyyə və iqtisadi yönlü əməliyyatların hamısının kökündə “Çiçəklənən Ermənistan” partiyası və Sarukyan durur. Qərb dünyası buna görə birmənalı olaraq Paşinyan hökumətinə qarşı ciddi bəyənatlar vermirlər. Amma Qərb sturukturlarında, xüsusilə Avropa Şurasında ikili standartlı siyasət yürüdülür. Bunu dəfələrlə görmüşük”. 

N.Miri bildirib ki, Avropa Şurası və Avropanın digər sturukturlarında konkret maliyyə şəbəkələrinin maraqları təmin olunduğu təqdirdə onlar hətta insan hüquqlarını rahatlıqla gözardı edə bilirlər:

“Ona görə də Avropa və digər beynəlxalq sturukturlara inam kəskin şəkildə azalıb. Hətta ən mötəbər təşkilat olan BMT-nin özü belə konkret 5 dövlətin barmağına bağlı fəaliyyət göstərir. Hər hansı bir dövlətin geosiyasi maraqları təmin olunmursa, BMT hətta insanlıq əleyhinə olan cinayətləri çox asanlıqla ört-basdır edir. Onlara qarşı olan qərarları veto edib bu qərarların qarşısını ala bilir. Bunu, Suriya, Liviya və bir çox ölkələrdə rahatlıqla Rusiya, ABŞ və digər ölkələrin veto hüququndan istifadə etməsi hadisələrində müşahidə etmişik. Beynəlxalq təşkilatların bu ikili standartları bəlli olduğu üçün artıq beynəlxalq ictimaiyyətdə bu sturukturlara o qədər də böyük etimad yoxdur”.