“Xalq-hakimiyyət qarşıdurmasını yaratmaq istəyənlər var” – Baş redaktor


“Dağıdıcı ünsürlərin “birlik”, “həmrəylik” adı altında yaratdıqları qondarma qurumların xarici dairələrin layihəsi olduğu və “fəaliyyətlərinin” əsasında məhz himayədarlarına xidmətin dayandığı sirr deyil”.

Bu sözləri “Sherg.az”a açıqlamasında“İki sahil” qəzetinin baş redaktoru, siyasi şərhçi Vüqar Rəhimzadə deyib.

Ekspert bildirib ki, tarixə müraciət etsək, radikal düşərgədə müxtəlif zamanlarda müxtəlif adlar altında “birlik”lər yaradılıb, amma sonları tarixin zibilliyi olub:

“Görəsən bu qondarma “birliklərin” yarandıqları andan ölü quruma çevrilmələrinin səbəbi nədir? Bu sualın cavabı sadə olduğu qədər də mürəkkəbdir. Çünki bu “birliklər” xalqın sosial sifarişi deyil, xarici anti-Azərbaycan, erməni və ermənipərəst dairələrin tapşırığı ilə yaranan amorf qurumlardır. 
Xalqa deyil, qul psixologiyalarından irəli gələrək xarici himayədarlarına arxalanan, onların çaldıqları hava ilə oynamaq məcburiyyətində qalan bu ünsürlər üçün vətəndaş təəssübkeşliyi, dövlət maraqları anlayışı yaddır. 

Dağıdıcılar nə zaman maraqları üst-üstə düşürsə bir araya gəlir, istəklərinə nail olmadıqda əsl mərəkə ondan sonra başlayır. 2013-cü il prezident seçkiləri ərəfəsində xaricin sifarişi əsasında yaranan «Milli Şura»nın ötən dövr ərzində «fəaliyyəti» həmin dairələrə xidmətdən başqa bir şey olmayıb.  Pandemiya bu qondarma qurumda birləşənlərin məlum simalarını bir daha ictimaiyyətə açıqladı. 

«Videokonfrans» adı altında keçirdikləri tədbirlərdə kimliklərini açıq-aşkar bəlli edən bu ünsürlər ikrah doğuran açıqlamaları, hərəkətləri ilə qurumdan istefaların dərinləşməsində katalizator rolunu oynadılar. İlk «videokonfrans»larında milli-mənəvi dəyərlərə hörmətsizliklərini, mənəviyyatsızlıqlarını bir daha ictimaiyyətə açıqlayan əli kərimlilər, cəmil həsənlilər, gültəkin hacıbəylilər, qənimət zahidlər növbəti «videokonfrans»da satqın, düşmən dəyirmanına su tökən, xəyanətkar, antimilli mövqelərini nümayiş etdirdilər”.

V. Rəhimzadə bildirib ki, bu gün «Milli Şura»da cəmləşən insanların keçmişinə nəzər salsaq, onların hamısının dönüklükdə, satqınlıqda ad çıxardıqlarını görərik:

“Ölkə reallıqlarını inkar yolunu tutanların, eyni zamanda, pandemiya dövründə iqtisadi sferada müəyyən çətinliklərin yaranmasını, ən əsası neftin qiymətinin aşağı düşməsini toy-bayram kimi qeyd edənlərin keçmişini bu günü ilə müqayisə edəndə nə qədər simasız, əqidəsiz, dönük olduqlarının şahidi olursan. Bu gün hər kəs «mən» deyib, özünü «qəhrəman» kimi təqdim edə bilər. Amma ən əsası budur ki, səninlə bağlı ictimai rəy necədir, irəli sürdüyün fərziyyə gerçəklik kimi qəbul olunandırmı?”.

Baş redaktor vurğulayıb ki, neftin qiymətinin düşməsini xalqın sosial rifahında çətinliklərin yaranması kimi dəyərləndirib, bundan öz çirkin niyyətlərini- xalq-hakimiyyət qarşıdurmasını yaratmaq istəyənlər var:

“Bu gün Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində quran, yalnız neft amilindən asılı olmayan, şaxələndirmə siyasətini uğurla həyata keçirib müsbət dinamikanı davam etdirmək imkanında və gücündə olan ölkə kimi dünyanın diqqətindədir. Cənab İlham Əliyev bütün çıxışlarında bildirir ki, bütün dövrlərdə, o cümlədən pandemiya zamanı insanların sağlamlığının, sosial rifahının təminatı birinci yerdə olub”.

Analitik bildirib ki, pandemiyanın, eyni zamanda, neftin qiymətinin aşağı düşməsinin yaratdığı çətinliklərdən öz çirkin niyyətləri üçün istifadə etməyə çalışan «milli şura»çıların cəhdləri sabun köpüyündən başqa bir şey deyil:

“Reallıq budur ki, əlləri xarici anti-Azərbaycan, erməni və ermənipərəst dairələrin cibində olan, bu səbəbdən də onların maraqlarına uyğun addımlar atan, «siyasi qul» imiclərinə hər gün, hər saniyə bir əlavə edən bu ünsürlər suların durulması fonunda simasızlıqlarına, mənəviyyatsızlıqlarına düşən işıqdan utanıb nəticə çıxarsalar daha yaxış olar. Bir gülüş, qəhqəhə belələri üçün adi görünsə də onun yaratdığı ikrahlar ciddi dərs olmalıdı”.