Ermənistanda qarşıdurmalar daha da güclənəcək

Ölkədə sürətlə pisləşən vəziyyət mövcud hakimiyyətdən narazılığı artırıb

İyunun 16-da “Çiçəklənən Ermənistan” Partiyasının sədri, parlamentdəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı ləğv edilib. Sarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb olunub. Buna etiraz olaraq yüzlərlə insan küçələrə axışıb və hökumət əleyhinə şüarlar səsləndiriblər.

Sarukyanın həbs ediləcəyi istisna olunmur. Əslində müxalif partiya sədrinin məhz baş nazir Nikol Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. Sarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi heyrət doğurur. Partiya sədrinin tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən sərt müdaxilə ilə üzləşiblər, yüzlərlə etirazçı həbs olunub. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı da güc tətbiq edib. Halbuki, hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması və s. Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınıb.

Belə məqamda Qərbin susqunluğu sual yaradır. Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. Əlbəttə, bu ilk hadisə deyil ki, Qərb özünü görməməzliyə vurur. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə də reaksiya sıfır idi. Beynəlxalq aləm tərəfindən heç bir təzyiq və tənqidlə üzləşməyən baş nazir Nikol Paşinyan isə müxalif fikirlilərə və onlara dəstək verən insanlara qarşı amansız mübarizəsini davam etdirir. Populist çıxışları ilə tanınan Paşinyan hakimiyyətə gəldikdən sonra “demokratiya” adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etdi, onları bir-bir sıradan çıxartdı. Baş nazir öz siyasi rəqiblərini bir-bir həbsə atmaqla, onları “asfalta uzatmaqla” hədələyir.

Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb. Baş nazir gələcəkdə özünə rəqib olacaq istənilən şəxsi korrupsiya ittihamı ilə həbs etdirir. Qərbin sükutu isə Paşinyanın əl-qolunu daha da açır. 

Ümumiyyətlə, son hadisələrdən sonra Ermənistanda Paşinyanı diktator hesab edənlərin sayı artır. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir. Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaq, Ermənistanda totalitar inqilabi diktatura qurmaqdır. Baş nazirin erməni oliqarx Samvel Aleksanyanla qohumluq əlaqələrinin formalaşması onun əsl niyyətindən xəbər verir. Erməni mətbuatında hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edən Paşinyan və onun ailə üzvlərinin dövlət büdcəsindən öz şəxsi məqsədləri üçün istifadə etmələri barədə silsilə məqalələr dərc edilir. Küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi gün kimi hər kəsə aydındır. Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı da hər kəsə bəllidir. Ermənistanda anti-sorosçuların həbsi dediklərimizin bariz nümunəsidir. Ermənistanın hazırkı hakimiyyəti ilə kilsə arasında ciddi fikir ayrılıqları da mövcuddur. Paşinyanın təsiri altında olan erməni KİV-ləri bunu daha çox kilsənın hazırkı rəhbərliyində təmsil olunan şəxslərin əvvəlki hakimiyyətlərlə sıx işləməsi ilə bağlamağa cəhd edirlər. Lakin məsələnin məğzi tam başqadır. Məlumdur ki, ermənilərin yaşadıqları bütün ölkələrdə kilsələr fəaliyyət göstərir və icma üzvləri kilsəyə böyük miqdarda maliyyə yardımı göstərirlər. Görünür, kilsə pul axınının böyük hissəsinə nəzarət etmək istəyən Paşinyana “yağlı tikə”ni güzəştə getmək istəmir. 
Baş verən proseslərə görə, müxalifət və vətəndaş cəmiyyəti baş nazir Nikol Paşinyanın pandemiya ilə mübarizəsinə inanmır. Onlar hesab edir ki, hökumət başçısı fövqəladə vəziyyət rejimindən rəqiblərinə qarşı dəyənək kimi istifadə edir. 



Düşmən ölkədə cərəyan edən prosesləri “Şərq”ə dəyərləndirən millət vəkili Anar Məmmədov deyib ki, son günlərdə Ermənistanda siyasi və sosial-iqtisadi böhran daha da acınacaqlı vəziyyətə çatıb. Deputat bildirib ki, işğalçı ölkənin hakimiyyəti heç bir halda böhrandan çıxış yolu tapa bilmir:

“Ölkədə iqtisadiyyatın sürətli tənəzzülü, dövlət qurumlarının öz funksiyasını icra edə bilməməsi, xüsusilə də, hakimiyyətlə xalq arasındakı problemlər böhranı daha da dərinləşdirir. Belə olan təqdirdə isə Paşinyan hökumətinə qarşı müxalifətin etirazları daha mütəşəkkil, ardıcıl xarakter daşıyır. Baş nazir Nikol Paşinyanın Ermənistan daxilində reytinqi ciddi problemlər fonunda sürətlə düşür. Bir tərəfdən pandemiyanın gətirdiyi ciddi problemlər, digər tərəfdən Rusiya ilə “qaz anlaşması”nın əldə edilməməsi, habelə, ölkə daxilində vətəndaş həmrəyliyinin mövcud olmaması Paşinyan iqtidarını küncə sıxır. Ermənistan hökuməti bütün problemləri koronavirusla əlaqələndirməyə çalışır, lakin müxalifət böhranın başlıca səbəbi kimi Paşinyanın səriştəsizliyini önə çıxarır. Hökumətə qarşı təzyiqlər artdığı bir zamanda “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Çarukyan isə daha da fəallaşır. O, Baş nazir Paşinyanın istefa etməsini tələb edən siyasi cinaha yaxınlaşıb və hökumətin 97 faizinin deyil, 100 faizinin istefa etməsi gərəkdiyini bildirib. Bu da açıq-aşkar Paşinyana meydan oxumaqdır”. 

A.Məmmədov qeyd edib ki, Paşinyan iqtidarının yaratdığı səriştəsizliklər bütün müsbət cəhdləri məhv edir:

“Bunun fonunda cəmiyyətdə parçalanma və qarşıdurmaların meydana gəlməsi ehtimalı az deyil. Bundan sonra daha geniş və güclü çaxnaşmaların meydana gəlməsi zəruri hal alır. İşğalçı ölkədə sürətlə pisləşən vəziyyət mövcud hakimiyyətdən narazılığı daha da artırır. Amma görünən budur ki, Nikol Paşinyan üçün bunlar önəm kəsb etmir. Bu hökumətin xarici siyasət kursunda da müəyyənlik, səbatlılıq yox dərəcəsindədir. Paşinyan həm Qərbə, həm də Rusiyaya yarınmağa, nəticədə hər iki tərəfdən başının sığallanmasına nail olmağa çalışır. Bu davranışın əziyyətini isə Ermənistan əhalisi çəkir. Paşinyana və təmsil etdiyi siyasi qüvvələrin bu kimi çətinliklərdən çıxmaq üçün, ilk növbədə, cəmiyyətin etibarını itirməməsi vacib şərtdir. Hələ ki ölkəsinin təməl problemlərini həll edə bilmədiyindən Nikol Paşinyan Ermənistan cəmiyyətinin başını qatmaqla məşğuldur. Bu vəziyyət uzandıqca o, özünü də çaş-baş vəziyyətə salır.

Belə davam edərsə, bundan sonra onun ölkə ictimaiyyətinə yalanlar danışıb, şər-böhtan kampaniyasına başlayacağı gözlənilir. Nəticədə Ermənistanda 1999-cu ilin oktyabrı, 2008-ci ilin martı və 2018-ci ilin mayının təkrarlanacağı istisna olunmur. Bu gedişlə Ermənistan Paşinyan dönəmində daha sürətlə məhvə doğru gedəcək. Daha doğrusu, Paşinyan başda olmaqla hazırkı komanda proseslərin inkişafını nəzarətdə saxlaya bilmir. Bu isə heç cür normal idarəetmə sistemi qura bilməyən Ermənistan hakimiyyətində xaosun açıq şəkildə özünü göstərdiyindən xəbər verir”.