"Özünə inam, məsuliyyət hissi çox önəmlidir"

Koronavirusdan qorxmaq yox, onunla mübarizə aparmaq lazımdır 



“Məni koronavirusdan daha çox insanların psixoloji gərginliyi, qorxusu, aqressiyası, laqeydliyi və məsuliyyətsizliyi narahat edir”. Bu barədə “Şərq”ə Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunün müdiri Anar Qasımlı deyib. Vəkil bildirib ki, koronavirus milyonlarla xəstəlikdən biridir, müalicə olunandır: “Tibbi maskalardan istifadə etməklə və məsafə saxlamaqla yoluxma riskindən xilas olmaq mümkündür. Koronavirusa yoluxanların hamısı həyatını itirmir, sağalanlar daha çoxdur.

Bu xəstəliyi hamı eyni cür keçirmir. Çoxumuz xəstələnib iynəsiz, dərmansız sağalmışıq. Ağır xəstəliyi olanlar və bioloji amillərə görə, orqanizmin müqavimət gücü zəif olan yaşlı insanlar xəstəliyi daha ağır keçirirlər. İndi hər kəs əlində silah səngərdə dayanmış əsgər kimi olmalıdır. Kiçik məsuliyyətsizlik, səngərdə yuxulamaq “əsir düşmənizə” və ölümə səbəb ola bilər.



Düşmənin sizə etibar edilmiş səngəri ələ keçirməsi arxa cəbhədəkilər üçün də ciddi təhlükədir. Ayıq-sayıq və məsuliyyətli olmaq lazımdır. Düşünün ki, sizin arsenalınızda olan silah-sursatla, yəni tibbi maska və spirtlə, o cümlədən evdə qalmaq, məsafə saxlamaqla düşmənin başını əzməyə kifayətdir. Düşmən sizin qədər şüurlu, ağıllı və yaxşı silahlanmış deyil”.

A.Qasımlıya görə, koronavirusdan qorxmaq yox, onunla mübarizə aparmaq lazımdır:

“Özünə inam, məsuliyyət hissi çox önəmlidir. Bütün dünyanı cənginə alan koronavirusu oyun saya bilərsiniz, koronavirus yoxdur deyə bilərsiniz, lakin ehtiyatı əldən vermək olmaz. Yoxdur, lap yaxşı, siz səngərdə keşik çəkin, yoxdursa gəlməyəcək. Koronavirusla oyun oynamaq olmaz. Əgər mütləq oyun oynamaq istəyirsinizsə, qaydalarını özünüz müəyyən edin. Adi paltarda deyil, oyun paltarında oynayın, dəbilqə (tibbi maska) geyinin, zərbə məsafəsindən uzaq dayanın. İndi hər kəsin qarşısında iki mühüm vəzifə dayanır: - yoluxmamaq, yoluxdurmamaq. Yoluxdurmamaq üçün qaydalara riayət etmək lazımdır. Yoluxmamaq hüququnuz ola bilər, amma yoluxdurmamaq vəzifənizdir. Hər kəs cəmiyyət və dövlət qarşısında vəzifələrini vicdanla, şərəf və ləyaqətlə yerinə yetirməlidir”.