PKK yenə fəallaşıb, amma məhv ediləcək

Türkiyənin apardığı əməliyyatların qarşısını heç bir güc ala bilməz

Türkiyə Silahlı Qüvvələri İraqın Haftanin bölgəsində PKK terror qruplaşmasına qarşı “Pəncə-Qaplan” adlı növbəti əməliyyata başlayıb. Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyat Türkiyə xalqının və sərhədlərinin təhlükəsizliyini təhdid edən PKK qruplaşması və digər terrorçu elementlərə qarşı yönəlib. Əməliyyatda həmçinin aviasiya vasitələri, ATAK helikopterləri və zərbə PUA-ları iştirak edəcək. Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri iki gün əvvəl həmin bölgədə “Pəncə-Qartal” adlı əməliyyata başlayıb.



Qardaş ölkənin növbəti əməliyyatı ilə bağlı “Şərq”ə danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda PKK-ya qarşı başlatdığı “Pəncə-Qaplan” hərbi əməliyyatı terror təşkilatını Qandildə məhv etməyə hesablanıb. Ekspertin sözlərinə görə, Türkiyənin Suriyanın şimalında və Liviyada apardığı əməliyyatlarla paralel Şimali İraqda da əməliyyata başlaması PKK terror təşkilatının son aylarda yenidən fəallaşması ilə bağlıdır:

“Türkiyə ordusunda PKK ilə əməkdaşlıq edən və bu terror təşkilatının aradan götürülməsində maraqlı olmayan hərbiçilər var idi. Onlar FETÖ əməliyyatları çərçivəsində zərərləşdirlildi. Görünür, Ankaraya qarşı xarici ölkələr Liviya və Aralıq dənizində siyasi-hərbi uğurlar əldə edən Türkiyəyə qarşı PKK təşkilatını yenidən ortaya atıb. Ankara cəld tərpənərək terrorçulara qarşı havadan və qurudan irimiqyaslı hərbi əməliyyatlara başladı. Əgər, əməliyyata başlanılmasaydı, PKK Türkiyənin daxilində ardıcıl terror hücumları təşkil edəcəkdi. Bununla da Türkiyənin Liviya və Aralıq dənizi akvatoreyasında mövqeyi zəifləyəcəkdi”.

Analitikə görə, PKK terror təşkilatını maliyyələşdirən ölkə Birləşmiş Ərəb Əmirliyidir:

“Onların əsas planı Türkiyəni daxildə terror hücumlarına məruz qoymaq, Ankaranın İraqda, Suriyada, Liviya və Aralıq dənizində hərbi uğurlarına mane olmaqdır. Heç şübhəsiz, Yunanıstan, BƏƏ, Misir, eyni zamanda onlara dəstək verən Qərb ölkələrinin bəziləri Türkiyənin bu siyasi-hərbi uğurlarının qarşısını ala bilməyəcək. Ankara sözügedən bölgələrdə güclənəndən sonra əsas strategiyası Cənubi Qafqaz və Mərkəzi Asiya olacaq. Türkiyənin beynəlxalq gücə çevrilməsi Azərbaycanın da maraqlarına cavab verir”.