İsrail-Azərbaycan əməkdaşlığı yaşadığımız dövrün tələbidir

Təl-Əviv bir çox prinsipial məsələlərdə ölkəmizin haqq mövqeyini dəstəkləyib



Məlum olduğu kimi, İsrail rəhbəri Reuven Rivlin AzərbaycanPrezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Rivlin Azərbaycanın mühüm və yaxın tərəfdaş olduğunu, bir çox sahələrdə əməkdaşlıq edildiyini bəyan edib. Eləcə də qeyd olunub ki, Azərbaycan və yəhudi xalqları arasındakı qardaşlıq münasibətləri, dini tolerantlığın təbliği ikili tərəfdaşlığın əsasını təşkil edir.

İsrail prezidenti iki ölkə arasındakı diplomatik münasibətlərə də toxunub. Gələn il Azərbaycan və İsrail diplomatik münasibətlərinin yaradılmasının 30 illiyinin qeyd ediləcəyini xatırladan Rivlin Prezident İlham Əliyevi İsrailə tarixi səfərə dəvət edib. Eyni zamanda, Azərbaycanın yaxın gələcəkdə İsraildə səfirliyinin açılmasına ümid etdiyini söyləyib. İsrail rəhbərinin fikrincə, hər iki ölkədə diplomatik nümayəndəliklərin olması münasibətlərin möhkəmlənməsi və dərinləşməsi istiqamətində daha böyük addımlar atmağa təkan verəcək.

Ölkəmizin Təl-Əvivdə səfirliyi olmasa da, Azərbaycanla İsrail dövlətləri arasında əlaqələr yüksək səviyyədədir. Xüsusən, hərbi və hərbi-texniki sferada əməkdaşlığımız yüksələn xətlə davam etməkdədir. Təl-Əviv silahlı qüvvələrimizin hərbi və döyüş potensialının artırılmasında, bütövlükdə ordu quruculuğunda mühüm rol oynayan ölkədir. 



İki ölkə arasındakı əməkdaşlığı “Şərq”ə təhlil edən politoloq Qabil Hüseynli bildirib ki, İsrail prezidentinin səmimi notlarla zəngin olan məktubu Azərbaycan ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Siyasi şərhçinin fikrincə, məktubda iki ölkə arasındakı münasibətlərin daha da inkişafına çağırış var:

“İsrail-Azərbaycan əməkdaşlığı yaşadığımız dövrün tələbidir. İki ölkə arasındakı diplomatik əlaqələr ümummilli lider Heydər Əliyevin rəhbərliyi dönəmində yaranıb. Zamanla Təl-Əvivlə rəsmi Bakı arasında bir çox sahələrdə münasibətlər formalaşıb.

Sözsüz ki, əlaqələr yerində durmamalı, proseslər inkişaf etməlidir. İsrailin Azərbaycanla hərbi sahədə əməkdaşlığı göz önündədir və ölkəmizin hərbi potensialına güc qatan mühüm amillərdəndir.

Bu əməkdaşlıq ölkədə hərbi sənaye istehsalının yeni sahələrinin əsasını qoymağa imkan verir. Söhbət pilotsuz uçan aparatların istehsalından gedir. Həmin PUA-lar 2016-cı ilin aprel döyüşlərində özünü müsbət mənada sübut edib.

Üstəlik, Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində, erməni və yunan lobbisinə qarşı mübarizədə yəhudi lobbisi hər zaman tərəfimizdə durub. Bir çox prinsipial məsələlərdə ölkəmizin haqq mövqeyini dəstəkləyib”. 

Analitik vurğulayıb ki, tərəflər arasındakı əməkdaşlıq hər iki ölkəyə fayda verir:

“Nəzərə alaq ki, Azərbaycanda ilk səfirlik açan ölkələrdən biri İsraildir. Düzdür, biz hələlik İsraildə səfirlik açmağa tələsmirik. Bunun səbəbi cənub qonşumuzun ciddi narahatlığıdır. İran açıq formada İsraillə münasibət qurmağımızın əleyhinədir.

Halbuki, Tehranın Dağlıq Qarabağdakı qondarma rejimlə münasibətlərdə olduğuna dair onlarla fakt gün üzünə çıxıb. İran Ermənistanın işğalçı dövlət olduğunu, Azərbaycan torpaqlarını zəbt etdiyini açıq formada bəyan etməyib. Qondarma rejimin “seçki” şousuna heç bir reaksiya verməyib. Ona görə də rəsmi Bakı hər şeyə rəğmən, İsraillə əməkdaşlığı mümkün qədər inkişaf etdirməlidir.

Hər dövlət öz milli maraqlarına uyğun siyasət qurur. Bu gün Azərbaycanın maraqları tələb edir ki, İsraillə daha geniş spektrli əlaqələr qurulsun. Şəxsən mən, dövlət başçısının İsrailə səfərinin baş tutmasını böyük ümidlərlə gözləyirəm”.