Həcc ziyarəti təxirə düşə bilər

Kəbə evinin açılması ziyarətin təşkil olunması anlamına gəlmir



“Bu il Həcc ziyarəti böyük ehtimalla təxirə düşəcək”.

Bunu “Şərq”ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib. H.Ş.Həsənli qeyd edib ki, Həcc ziyarəti ilə bağlı hazırda iki variant üzərində düşünülür:

“Səudiyyə Ərəbistanı rəsmiləri bildirir ki, Həccin baş tutacağı dünya ölkələrində COVİD-19 pandemiyasının vəziyyətindən asılıdır. Pandemiya davam edəcəksə, Həcc ziyarəti ümumiyyətlə baş tutmaya bilər. Bir variant da budur ki, yenə də vəziyyətdən asılı olaraq Səudiyyə Ərəbistanının məhdud sayda ziyarətçi qəbul etməsi də mümkündür.

Belə olan halda Həcc missiyasında iştirak edən dövlətlər zəvvar sayını xeyli azaltmalı olacaq və Həcdə məhdud sayda zəvvar iştirak edəcək. Amma hələ ki, dəqiq məlumat açıqlanmayıb. Həccin vaxtına təxminən 1 ay müddət qalır. Yəqin ki, yaxın zamanda SƏ Həcc ziyarəti ilə bağlı rəsmi məlumatı elan edəcək”.

H.Ş.Həsənli qeyd etdi ki, uzun fasilədən sonra Kəbə evinin ziyarətə açılması Həcc ziyarətinin təşkil olunacağı anlamına gəlmir:

“Kəbə evi Səudiyyənin əhalisi üçün ziyarətə açılıb, yenə də əhalinin sıx toplaşmasına icazə verilmir, ziyarətçilər arasında məsafənin gözlənilməsinə diqqət edilir”. H.Ş.Həsənli qeyd etdi ki, pandemiya səbəbindən ümumiyyətlə Məşhəd, Kərbəla, Nəcəf – bütün ziyarətgahlara səfərlər təxirə salınıb. Qeyd edək ki, bu il Qurban bayramı miladi təqvimlə iyulun 31-i - avqustun 1-nə təsadüf edir. Zəvvarların səfəri isə iyulun 20-dən başlamalı idi.