“Ölkəmiz neft iqtisadiyyatından süni intellekt iqtisadiyyatına keçir”


Prezident İlham Əliyevlə “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Görüşdə ölkə başçısının nitqi əsasında Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlığı, yüksək texnologiyaların, innovasiyaların tətbiqi sahəsinə xüsusi diqqət ayrılıb.

Dünyanın nüfuzlu şirkətlərinin Azərbaycanla əməkdaşlığa yüksək marağı var. “Microsoft” şirkətinin rəhbərliyində təmsil olunmuş şəxslərin ölkəmiz haqqında yüksək fikirləri, əməkdaşlığın perspektivləri, irəli sürdüyü təkliflər xüsusi əhəmiyyətə malikdir.
 
“Microsoft” şirkətinin rəhbərliyi ilə keçirlən görüşün mühüm olduğunu deyən millət vəkili Ceyhun Məmmədov “Sherg.az”a açıqlamasında bildirib ki, ölkəmiz son illər illər informasiya texnologiyaları sahəsində böyük uğurlara nail olub:

“Hazırda dünya ölkələri bütün gücünü pandemiya ilə mübarizəyə yönəldib. Azərbaycan ilk gündən bu sahədə operativ və adekvat qərarlar qəbul etdi. Ölkəmiz özünə qapanmadı. 

Azərbaycan həmişə olduğu kimi bu dəfə də təşəbbüsü əla alaraq bir sıra tədbirlərin təşəbbüskarı və təşkilatçısı oldu. Belə əhəmiyyətli tədbirlərdən biri də “Microsoft” şirkətinin rəhbərliyi ilə keçirildi. Sözügedən şirkətin rəhbərliyinin Prezident İlham Əliyev haqqında söylədiyi fikirlər ölkəmizin bu sahəyə verdiyi önəmin göstəricisidir”.

Deputat bildirib ki, ölkəmiz reallığı nəzərə alaraq neft iqtisadiyyatından elm, texnologiya, süni intellekt iqtisadiyyatına keçir:

“İnkişafın və tərəqqinin yolu da buradan keçir. Başqa alternativ yoxdur. Azərbaycan lisenziyalaşdırılmış proqramların istifadəsinə xüsusi önəm verir. Çoxlu sayda proqramların Ölkəmiz paylanılması bu sahəyə böyük dəstəkdir. Eyni zamanda ölkəmizdə piratçılıqla ciddi mübarizə aparılır. Bu sahədə microsoft şirkəti ilə ciddi əməkdaşlıq edilir. Uğurlarımız kifayət qədərdir”. 

Millət vəkili qeyd edib ki, Azərbaycan qısa müddətdə bir çox sahələrdə, o cümlədən, təhsil sahəsində müasir proqramların təbiqinə başladı. Bu baxımdan Microsoft teams proqramı onlayn təhsilin təşkilinə böyük dəstək oldu: 

“Qısa müddətdə bütün ali təhsil müəssisələri bu proqramla təmin olundu. Prezident İlham Əliyev çıxışında distant təhsillə bağlı məsələlərə də toxunub. Pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Çox vaxtın olmamasına baxmayarq Azərbaycan mövcud vəziyyətə özünü uyğunlaşdıraraq müəyyən addımlar atdı. Ölkəmizdə məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Hazırda sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlıq gedir.

Ancaq pandemiya ilə bağlı vəziyyətin necə olacağı bilinmir, məktəb və universitetlərin açılıb-açılmayacağı məlum deyil. Ona görə ölkəmiz ən pis ssenariyə hazırlıqlı olmalıdır. Hazırda bu istiqamətdə ölkəmizdə ciddi işlər gedir. Qısa müddətdə böyük uğurlara nail olunacağı istisna olunmur. Görüşdə Azərbaycanda Abşeron vadisinin yaradılması barədə də müzakirələr aparıldı.

Bunun üçün gücül iradə və konkret hədədlər var. Azərbaycanın buna kifayət qədər potensialı var. Ölkəmizdə bu sahədə görülən işlər bu fikri bir daha təsdiq edir.

Hesab edirəm görüşdə də qeyd edildiyi kimi, Silikon Vadisi"nin prototipini Abşeronda yaratmaq mümkündür. Niyədə yox? Bu gün bir sıra ölkələr, o cümlədən Cənubi Koreya bu sahədə böyük uğurlara imza atıb. Hesab edirəm ölkəmizin bu sahədə uğur qazanmaq üçün kifayət qədər imkanı və potensialı var. Həyata keçirilən uğurlu informasiya texnologiyaları siyasəti sayəsində biz buna nail ola bilərik.

Bu gün xeyli sayda azərbaycanlı gənc ölkəmizdə və xaricdə informasiya texnologiyaları sahəsində təhsil alaraq peşəkar mütəxəssis kimi yetişiblər. Onların potensialından istifadə etmək mümkündür. Onların bəziləri xarici şirkətlərdə mühüm vəzifələrdə çalışırlar. Ölkəmiz üçün faydalı ola bilərlər”.