İnsanlığı peşəkarlığına bərabər həkim


  Məşhur infeksionist alim A.F.Bilibin “Həkimliyi öyrənmək, əslində, insanlığı öyrənməkdir. Əsl həkim üçün təbabət yalnız sənət deyil, bütünlüklə onun həyatıdır” kəlamı tez-tez yada düşür. Bu, çox güman ki, aylardır ki, tüğyan edən, milyonlarla insanın canını alan və hələ də nə vaxt bitməsi məlum olmayan COVİD-19 koronavirus pandemiyası ilə də əlaqədardır.

  Bu arzuolunmaz və 6-7 ay əvvələ kimi heç kimin ağlına gəlməyəcək günlərin pis tərəflərini yada salmaq istəmirəm. Amma haqqına girmək olmaz, müsbətləri də oldu. Ən bariz nəticə isə həkimlərə  münasibətimizin dəyişməsidir. Heç kimə sirr deyil ki, Azərbaycanda bu peşə nümayəndələrinə qarşı münasibət birmənalı deyildi. Yalnız indi insanlar təbiblərin necə fədəkar və cəfakeş olduqlarını tam anladılar. Məsuliyyətsizlik isə onsuz da hər yerdə var. Ötən aylar ərzində həkimlərimiz sözün əsl mənasında ön cəbhədə vuruşdular, başqalarının sağlamlıqlarından ötrü öz həyatlarını təhlükəyə atdılar. Dünyada bu infeksiyanın qurbanına çevrilənlər arasında Hippokrat andı içənlərin üstünlük təşkil etməyi heç də təsadüfi deyil. Nə isə…Deməyim odur ki, həkimlərimizin qədrini bilməli, onları nəinki gözdən salmalı deyil, hətta, necə deyərlər, əl içində tutmalıyıq. Çünki onlar ömürlərini ortaya qoyurlar.
  Belələrindən biri də hazırda “İstanbul NS” klinikasında nevropotoloq vəzifəsində çalışan Vüqar Kərimovdur. 1982-ci ildə Ağdamda anadan olan Vüqar həkim hələ kiçik yaşlarından çətinliklərə sinə gərməyə, bəzi məqamlarda hətta taleyin özünə müqavimət göstərməyə məcbur olur. Belə ki, 1990-cı illərin əvvəllərində  ermənilər Dağlıq  Qarabağı, o cümlədən onun boya-başa çatdığı doğma Ağdamı işğal etdikdən sonra  Kərimovlar üçün ağır günlər başlayır. Ağdamın ən sayılıb-seçilən ailələrindən biri olduqlarına görə, heç vaxt torpaqsız, evsiz qalacaqları ağıllarına gəlməzdi. Amma yaxşı deyiblər ki, sən saydığını say, gör fələk nə sayır…
 
Bir müddət Tərtərdə və Göyçayda məskunlaşdıqdan sonra paytaxt Bakıya köçürlər. 5-ci sinifə kimi Ağdamda oxuyan Vüqar təhsilini burada, 153 saylı orta məktəbdə davam etdirir. İlk vaxtlar heç də asan olmur. Bunun əsas səbəbi sinif yoldaşlarının bəzilərinin ona ikinci dərəcəli adam kimi yanaşmaları idi. Bu isə uşağa pis təsir edirdi. Nə olsun ki, qarabağlıdır, qaçqındır?! Həm də Ağdamda tədrisin keyfiyyəti daha yaxşı idi. Bakıdan fərqli olaraq orada təkcə ana dili yox, həm də rus və ərəb dili öyrədilirdi. Bütün bunlara baxmayaraq, Vüqar cəmi 3-4 ay ərzində özünü toparlamağı, itirilən illərin, necə deyərlər, “revanşını almağı” bacarır. Di gəl, sevincli günlər uzun çəkmir. Bir çox doğmaları, əzizlərı kimi Vüqarın atasının da ürəyi Qarabağsızlığa dözmür. Ramiz müəllim  1997-ci ildə doğma torpaq həsrəti çəkə-çəkə dünyasını dəyişir. Beləliklə, ailənin yükü ondan 7 yaş böyük olan qardaşının çiyinləri üzərinə düşür. Buna rəğmən, Vüqar da məsuliyyətini dərk edir. Oxuya-oxuya həm də işləyir. Yay aylarında ticarətlə məşğul olur, bazarda meyvə, pal-paltar satır. Məktəblər açılanda isə qardaşının təkidi ilə ancaq dərsləri ilə məşğul olur. Ümumiyyətlə, Vüqar kifayər qədər savadlı şagird idi. Humanitar fənləri, xüsusilə tarix və coğrafiyanı çox sevir, az qala, vunderkind  səviyyəsində bilir. O, dəfələrlə bu fənnlər üzrə məktəblər arasında keçirilən olimpiadaların qalibi olur. Biliyinə, savadına görə çoxları Vüqara həsəd aparır.
 
Uşaqlıqdan hüquqşünas olmaq, ədalət carçısı kimi fəaliyyət göstərmək istəyirdi.  Əslində bu ixtisasa yiyələnməyə imkanı da var idi. Zehni, dünyagörüşü xəyalını reallaşdırmağa şərait yaradırdı. Məzun olmağa 6 ay qalmış isə qəfil istiqamətini dəyişir. Ona mane olan  atasının arzusu idi. Günlərin bir günü Vüqara deyirlər ki, atan səni həkim kimi görmək istəyir. Çünki nəsildə bu ixtisas sahibi olan yoxdur.

  Həm də Qarabağ camaatı həkimlərə xüsusi münasibət bəsləyir axı. Həkim? Vüqar indiyə qədər bu barədə heç düşünməmişdi. Lakin qulağa xoş gəlirdi. Çox düşünmür. Sənədlərini Azərbaycan Tibb Universitetinə verir. Buranın müalicə-profilaktika fakültəsinə qəbul olur. O, nevropotologiya ixtisasının sirlərinə yiyələnir. Əslində müxtəlif vaxtlarda ürək cərrahı, allerqoloq, göz həkimi olmaq istəyib. Amma, nəhayət, nevropotologiya üzərində dayanır. Çünki bu ixtisasın digərlərindən çox fərqləndiyini düşünür. Əgər başqa həkimlərdən tələb olunan “əl qabiliyyəti” idisə, nevropotoloq təfəkkürlə, məntiqlə işləməlidir. Bu isə Vüqarın ürəyincə idi. Gənc həkim müəyyən bir məhdudiyyətlə, trayektoriya ilə hərəkət edəcək adam deyildi. O, yeniliyə meyilli idi. Özünün də sonralar dediyi kimi, təbabətin digər qollarından fərqli olaraq nevrologiyada iki üstəgəl ikinin cavabı heç də həmişə dörd deyil…
  Əslində bu qərar heç də təsadüfi deyildi. Belə ki, Vüqar uşaqlıqdan öz təmkini, səbri ilə seçilirdi. Bir də görürdün, həmyaşıdları məhəllədə dalaşır, bir-birlərini döyməyə, ağız-gözlərini partlatmağa hazırlaşırdılar. Ancaq Vüqar həmin yeniyetmələrin “söhbətlərinə” müdaxilə edib, onlarla 3-5 dəqiqə danışdıqdan sonra vəziyyət 180 dərəcə dəyişirdi. Digərləri də təəccüb edirdi ki, Kərimov bunu necə bacarır. Sən demə, onun bu bacarığı gələcəyə bir işarə imiş…
  Universitetdə oxuduğu illəri də asan olmur. Bir polis işçisi onu ən ağır cinayətlərdə ittiham edərək həyatını ləkələməyə, ali məktəbdən uzaqlaşdırmağa çalışır. Ancaq bacarmır, Allahlıq edə bilmir. Buna kimin gücü çatar ki, o da bacarsın?!
    2005-ci ildə məzun olduqdan sonra onun həyatında yeni mərhələ başlayır. İndiyə qədər müxtəlif zamanlarda ən yaxşı oxuyan şagird, qaçqın, gələcəyin prokuroru kimi tanınancaq Vüqar bundan sonra daha həkim kimi məşhurlaşır. 2006-cı ildə Vüqar Kərimov Rusiyada Bexterev adına Psixonevroloji İnsitutda təcrübə keçir. Üç il sonra Ağdamda müxtəlif kurslarda iştirak edir. Ardınca Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda bilik və bacarıqlarını daha da artırır.

  2013-2014-cü illərdə doktor Kərimov Türkiyə, Ankara Tibb Universiteti “İbn-Sina” Xəstəxanasında Nevrologiya üzrə təkmilləşmə kursunu müvəffəqiyyətlə bitirir. Bu, illər ərzində həm də işləyir. Hələ 2002- ci ildən etibarən Vüqar Kərimov müxtəlif xəstəxanalarda əmək fəaliyyətinə başlayır.  
  
  Bir il vətənə borcunu yerinə yetirdiyi dövrdə də peşəsindən ayrı düşmür- hərbi xidmətini həkim qismində yerinə yetirir. Əsgərlikdən qayıdandan sonra  Ağdam Mərkəzi Rayon Xəstəxanasında həkim-nevroloq kimi pasiyentlərin sevgisini qazanır. Burada çalışdığı vaxtda Milli qəhrəmanlarımızdan birinin qardaşı onun yanına gəlir, kömək istəyir. Həkim problemi müəyyənləşdirir, diaqnoz qoyur, müalicə yazır. Sonradan xəstənin yaxınlarından biri ona deyir ki, indiyə qədər müraciət etdikləri heç bir nevropotoluqun yazdığı müalicə effek verməyib. Vüqar həkimin məsləhəti isə məsələni kökündən, birdəfəlik həll edir. Əslində bu cür hallar çox olurdu. Adlı-sanlı həkimlərin, professorların pasiyentləri son ümid kimi Vüqar Kərimovun yanına gəlir, ondan kömək istəyirdilər. Qəribədir ki, başqalarının bacarmadığını bu gənc həkim bacarırdı. Çünki sirr yazılan dərmanda yox, doktorun yanaşmasında, xəstəyə münasibətindədir…Bunu Vüqar çox yaxşı bilirdi…Fikrimizin təsdiqi üçün bir epizodu xatırladaq:
 
Bir dəfə qırx yaşlarında, tanınmış iş adamlarından biri həkimin qəbuluna yazılır. Vüqar doktordan ona sakitləşdirici dərman yazmasını xahiş edir və xüsusi problemin olmadığını deyir. Həkim anlayır ki, işdə bir “əmma” var.  Bir saatdan çox xəstə ilə söhbətləşir. Axırda biznesmen özü belə  fərqində olmadan etiraf edir: “Həkim, mən bir adamı öldürmək istəyirəm. Gecə-gündüz bu arzu ilə yaşayıram. O, bütün hallarda öləcək. Amma sən mənə bir dərman yaz ki, rahat olum”. Nevropotoloq böyük işgüzarlıqla kişik bir vərəqə 4-5 dərmanın adını yazmaqla xəstəni “yola vermir”. Əksinə, problemin kökünə qədər gedir, kişini fikrindən daşındırır və ən azı iki ailəni gələcək bədbəxtlikdən qurtarır. 

   2008-2010-cu illərdə Ağdam rayonlararası Ruhi Əsəb Dispanserində həkim-psixonevroloq və baş-həkim vəzifəsində çalışır. Burada vəziyyəti çox ağır olan xəstəni müalicə edir, onu yenidən həyata qaytarır. Hətta dərmanların alınmasına da kömək edir. 
 
 Günlərin birində yenə  işdə olarkən hər şey üst-üstə gəlir. Xahişlər, minnətlər, tərsliklər…Bütün bunlara dözə bilməyən Vüqar həyətə çıxır. Bir siqaret yandırır. Tüstünü dərindən sinəsinə çəkərək öz-özünə deyinməyə başlayır: “Ay Allah, məni nə ilə sınayırsan?!”, “Niyə hər şey belə olur?!”…Bu vaxt yaxınlıqdan keçən bir ağsaqqal onu görüb soruşur: “A bala, nədir? Niyə deyinirsən?”. Kişinin üzündəki nuru görən və onsuz da özünə bir həmdərd axtaran həkim ürəyini boşaldır. Daha üzünü heç vaxt görməyəcəyi kişi ilə qısa söhbətdən sonra eşitdikləri qulağında sırğa olur: “Bala, peyğəmbərimiz deyib ki, səndən kömək istəyənlərdən yorulma, usanma. Niyə bu boyda adamın başqa həkimdən yox, məhz səndən kömək istədiyini düşünmüsən? Əgər bir ay ərzində heç kim səni axtarmasa, aramasa necə olar, hansı hissləri keçirərsən?”,..
 
2014- cü ildə "Nigar" klinikasına dəvət olunur. Günlərin bir günü növbədə olanda klinikaya təcili tibbi yardımla xəstə gətirirlər. Avtoqəzaya uğrayan adamı tələm-tələsik reanimasiya şöbəsinə yerləşdirirlər. Yaralını buraya gətirən qardaşı həkimdən nə qədər qaçmağa çalışsa da,  Vüqar Kərimov polis işçisini görən kimi tanıyır-illər əvvəl-tələbəlik vaxtlarında min bir oyunla onun həyatını qaraltmağa çalışan insan idi. Vüqar səhərə kimi xəstənin yanından ayrılmır. Əlindən gələn köməyi əsirgəmir. Gündüz növbəni təhvil verəndə isə dəhlizdə başını əlləri arasına alıb oturan polisin üzünə baxıb gülümsəməklə kifayətlənir…Bundan sonra polis həkimi harda görsə, utanır, onun üzünə baxa  bilmir. 
Sözsüz, Vüqar yüz erməninin qanını içməyə hazır idi. Ancaq heç vaxt vəzifəsindən sui-istifadə etməzdi. Özü də təkcə Hippokrat andı-filan içdiyinə görə yox ha, həm də ləyəqətinə, daxili vicdanına görə… 

 Vüqar, doğrudan da, peşəsinin öhdəsindən layiqincə gəlirdi. Təkcə əldə etdiyi bilik,  qazandığı təcrübə yox, ali insani keyfiyyətləri də ona bu istiqamətdə kömək olurdu. Yaxşılıqları, xeyirxahlıqları isə unudulmurdu. Necə deyərlər, nə tökərsən aşına, o da çıxar qaşığına. 
 Deməli, bir dəfə bahalı restoranların birində həkim 7-8 nəfər qonağı ilə birlikdə banket keçirir. Məclisin sonunda hesabı istəyəndə artıq lazımi məbləğin ödənildiyi məlum olur. Bu, həkimi o qədər də təəccübləndirmir. Çünki indiyə qədər oxşar hallar çox olub. Hesabı iki masa kənardakı ofisiantın-iyirmi yaşlı gəncin ödədiyini biləndə isə əməlli-başlı təəccüblənir. O, bir aya qazandığı pulu necə bir anın içində ortaya qoya bilərdi? Tanımadığı gənci yanına çağırıb, kim olduğu ilə maraqlanır.

-Həkim, mən İgidəm. Siz 6-7 il əvvəl mənim atamı ölümdən xilas etmişdiz- Bu sözləri eşidən doktor barmağını dişləyir. Xatirələr beynində canlanır. Gənci də, onun atasını da xatırlayır. Fəqət nə qədər çalışsa da, pulu qaytara bilmir. Yəni yaxşılıq belə şey imiş. Məşhur bir misal var: Yaxşılıq et, dənizə at, qədrini balıq bilməsə də, Xalıq biləcək…

    2015-ci ildən isə "İntanbul NS " klinikasında pasiyentləri qəbul edir. İlk illərdən fərqli olaraq indi tədricən peşəsinə öyrəşir, ixtisasının çətinliklərinə tab gətirə bilir. Əgər əvvəllər  xəstənin hətta baş ağrısına görə, özünü günahlandırır, xiffət çəkirdisə, indi ən ciddi hadisələrdə belə, təmkinini qoruyub yalnız müalicə haqqında düşünürdü.  

   Dəfələrlə xəstəsinin öləcəyini bilən iki adamdan biri olurdu. Pasiyentin həyat yoldaşı sirri heç kimlə bölüşməməyi xahiş edirdi. Övladı valideyninin səhhəti ilə maraqlanmaq məqsədilə zəng edəndə özündən nəsə uydurur, “Dərman bir az sonra effekt göstərəcək” deyirdi. Nə etsin? Beləliklə, mənfi emosiyaları üstünə götürür, heç kimlə heç nə bölüşə bilmirdi. Üstəgəl də keçirdiyi hissləri, stressi ailəsinə, övladlarına hiss etdirməməyə çalışırdı. Hərdən bir peşəsini dəyişmək barədə düşünürdü. Bilirdi ki, başqa sahədə də uğur qazanmağı bacarar. Lakin insanlara şəfa verməyin gətirdiyi qəribə duyğu buna imkan vermir. Əgər başqa işlə məşğul olsa özünü yüzlərlə adama xəyanət etmiş kimi hiss edəcəkdi. Hətta  rayonlara iki-üç günlük istirahətə gedəndə belə rahat olmur. Bəzən kimdənsə zəng gəlir: “Həkim, köməyinizə ehtiyacım var…”. Nə etiraz edə bilir, nə paytaxta qayıda. Ailəsini, uşağını düşünərək  istirahətinə davam etməyə qərar verəndə “axı qardaşım olsa, gedərdim” düşüncəsi onu daxilən narahat edir. Maşınına minir və yola düşür…Telefonunu söndürməyi də bacarmır. Vicdanı iki əli ilə yaxasından yapışır, “Sən həkimsən, işin xəstələri xilas etməkdir!” deyir. Buna görə də yalnız sərhəddən kənara çıxanda düz-əməlli dincəlir. Çünki ona ehtiyac olan hallarda geri qayıtmağın əlində olmadığını bilir. 

  Sadaladığımız bütün gərginliklər Vüqar həkimin səhhətinə, psixologiyasına təsir edir. Bəzən evə gec gedir. İşdən sonra idman zalına yollanır, üzgüçülük, trenajorla məşğul olur.  Ya da avtomobilində muğama qulaq asaraq şəhərdə  gəzir. Bu yolla əsəblərini sakitləşdirmək, mənən boşalmaq istəyir. Həyat yoldaşından, övladından zəng gəlir. Harda olduğu, niyə gecikdiyi  ilə maraqlanırlar. O, yenə xoşməramlı bir şey uydurur: “Hər şey yaxşıdır, gələcəm”.
 
Son aylar Vüqar həkim bütün pasiyentlərinə eyni sözləri deyir. Hər dəfə növbəti xəstə onun iş otağından çölə çıxmaq istəyəndə doktor bir anlıq “dayanın” deyir və əlavə edir: “Siz Allah, özünüzü qoruyun. Koronavirus çox qorxulu xəstəlikdir. Tibbi maska taxın, əllərinizi tez-tez  yuyun…”. 
 Həkimin övladları da bu sahəyə maraq göstərirlər. Amma Vüqar Kərimov uşaqlarının tibblə məşğul olmasını istəmir. Çünki çətinliklərini bilir. Onun həyatda ən böyük arzusu, əvvəlcə, müəllimlərin, sonra isə hərbçilərin, həkimlərin və hüquq-mühafizə orqanları işçilərinə cəmiyyətdə layiqli qiymət verilməsidir. Şükür ki, bunu gördü: Ölkə Prezidenti bu koronavirus günləri başlayanda ön cəbhədə olan həkimlərimizi, polislərimizi qəhrəman adlandırdı. Prezidentin bu qiyməti onları daha da ruhlandırdı.  Qarabağa, Ağdama qayıtmaq istəyir…Şuşada, Cıdır düzündə yediyi təndir çörəyi ilə pendirin dadı hələ də damağındadır…