“Amerikada televiziya savadsızlar üçün nəzərdə tutulub"    

“...Və onun əsas funksiyası əyləncədir”


“Kimlərisə reklam xətrinə efirə çıxarırlar. Xüsusilə xəstəxanaları, həkimləri reklam edirlər. Ona görə də televiziyaya inam azalır. Televiziyaya inamı bərpa etmək üçün sözügedən mənfi tendensiyanı aradan qaldırmaq lazımdır. Bunun üçün isə efirə ziyalıları çıxarmaq və mənfi nümunə ola biləcək insnaları televiziyalardan uzaq tutmaq şərtdir. “Əlac nədir?” adlı məqaləmdə də yazdığım kimi, Bircə əlac var -öyrənmək!”. 
Bu sözləri “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay televiziyaların vəziyyəti haqqında danışarkən deyib. 

 Tanınmış yazıçı və televiziya aparıcısı Həmid Herisçi də “Sherg.az”a açıqlamasında İ.Tuncayın bu fikirləri ilə razılaşdığını söyləyib: 

“Əvvəllər, Azərbaycanda televiziyanın vəziyyəti çox yaxşı idi. Bildiyiniz kimi, Şərqdə ilk televiziya bizim ölkədə yaradılıb. Hətta sonralar yaxın Şərq ölkələrində texniki təchizatın təmin olunması bizə, azərbaycanlı mütəxəssislərə həvalə olunub. Amma təəssüf ki, vəziyyət dəyişdi. Səbəb isə qeyri-peşəkarlıqdadır”.

H.Herisçinin sözlərinə görə, müasir telekanallarda çatışmazlıqlar kifayət qədərdir: 

“Sovet modeli çox yaxşı idi. Amma biz Amerika modelinə üstünlük verdik. Nəticə isə göz qabağındadır. Bu model çox təhlükəlidir. Belə ki, Amerikada televiziya savadsız insanlar üçün nəzərdə tutulub və onun əsas funksiyası əyləncədir. SSRİ-də isə televiziyanın əsas vəzifəsi maarifləndirmək idi. Bax, problemin kökü məhz bundadır. Həm də bizim reytinq sistemimiz inkişaf etməmiş ölkələr üçün nəzərdə tutulub. Fəqət belə olmalı deyil. Axı Azərbaycan Zimbabve deyil”.

 Ekspert çıxış yolunu ənənəyə sadiqlikdə görür:

“Mən indi AzTv-dən razıyam. Bilirsiz niyə? Çünki illər əvvəlki ənənəyə sadiq qalıb. Telekanallarda elmi-bədii şuraların yaradılması vacibdir. Özəl telekanallar bəzən təxribatçılıq edirlər. Bunun qarşısını almaq vacibdir. Həvəskarları, qeyri-professionalları efirə çıxarmaq olmaz. Savadlılar kanallara dəvət edilməlidir. Belə olsa, vəziyyət düzələr və biz televiziyalarımız haqqında yenidən ağızdolusu danışarıq”.