“ATƏT Ermənistandakı hadisələrə səssiz qalır, ancaq...”

“O olaylar başqa ölkədə yaşansaydı, ATƏT-in, AŞ-ın açıqlamaları tükənməzdi”



“İkili münasibət illərdir, davam edir. Ermənistanda baş verən son hadisələr demokratiyaya tam zidddir”.

Bu sözləri “Sherg.az”a Ermənistanda “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığının ləğv olunması ilə bağlı danışarkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, partiya sədri ifadə vermək üçün istintaqa cəlb olunub:

“Q.Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsələr də, ölkənin təhlükəsizlik qüvvələri bunun qarşısını kobudluqla alıblar. Yüzlərlə adam saxlanılıb və təzyiqlərə məruz qalıb. Demokratiyanı təbliğ edən beynəlxalq qurumlar, o cümlədən ATƏT isə bütün bunların qarşısında səssiz qalıb”.

 E.Şahinoğlu düşünür ki, atılan addımlarda siyasi motivlər var: 

“Bildiyiniz kimi, Sarukyan müxalifət partiyasının lideri idi. O, korrupsiyada ittiham olunur. Bəlkə də, həqiqətən, belə hallara yol verib. Bəs niyə Paşinyan indiyə qədər tədbir görmürdü? Deməli, məqsəd başqadır. Üç güc nazirinin birdən-birə istefaya göndərilməsi də təsadüfi deyil. Çünki onlar Sarkisyanı həbs etməkdən boyun qaçırmışdılar”. 

Politoloq, həmçinin bildirib ki, belə qəliz bir şəraitdə Azərbaycan doğru bildiyi yoldan çəkilməməlidir:

 “Ermənistanda iğtişaşlar gələcəkdə də olacaq. Beynəlxalq ictimaiyyətin münasibəti isə illərdir belə davam edir. Əlbəttə, Ermənistanda baş verən hadisələr başqa ölkədə yaşansaydı, ATƏT-in, AŞ-ın açıqlamaları tükənməzdi. Ancaq bu qeyri-obyektiv münasibət bizi narahat etməməlidir. Azərbaycanda demokratik islahatlar, sosial-iqtisadi layihələr sürətləndirilməlidir. Biz düzgün yoldayıq və bu yoldan çəkilməməliyik”.