“Bəzi beynəlxalq təşkilatlar ikili standartlardan əl çəkmir”

“Onların Ermənistandakı olaylara süst yanaşmasının səbəbi həm də xristian təəssübkeşliyi, erməni lobbisinin ölkəmiz əleyhinə iş aparmasındadır” 



“Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. Q.Sarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb olunub. Onun həbs ediləcəyi də istisna olunmur. Q.Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. 

Artıq Ermənistanda Q.Sarukyan tərəfdarları etiraz aksiyalarını başladıblar. Diqqət çəkən əsas məqam isə Q.Sarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyidir. 



Baş verənlərə dair “Sherg.az”a danışan millət vəkili Nəsib Məhəməliyev bildirib ki, Paşinyan Sarukyanı, ondan əvvəl isə Robert Koçaryanı və digərlərini həbs etdirməklə öz siyasi opponentlərini sıradan çıxarmaq məqsədi güdür.
Parlamentari bildirib ki, iqtidar partiyasını təmsil edən parlament çoxluğundan sui-istifadə edərək istədiyi qanun layihələrini qəbul etdirmək imkanına malik olsa da, Ermənistan cəmiyyətində qarşıdurmalar davam edir: 

“Sarukyan 2017-ci ildə keçirilmiş parlament seçkilərində rüşvət verməkdə günahlandırılır. Ancaq, beynəlxalq təşkilatlar o seçkiləri demokratik, beynəlxalq standartlara uyğun adlandırmışdılar. Burada məntiq yoxdur. Bir neçə il bundan öncə Ermənistanda keçirilən prezident seçkilərindən sonra yaranmış iğtişaşlar zamanı 38 adam ölmüşdü. Lakin bir sıra beynəlxalq təşkilatlar indiki kimi o zaman da kəskin mövqe nümayiş etdirməmişdilər. Səhv etmirəmsə, 1999- cu ildə bütövlükdə parlament rəhbərliyinin güllələnməsinə baxmayaraq, hər hansı təsirli tədbirlər görülmədi”. 

Deputat qeyd edib ki, beynəlxalq təşkilatların, ələlxüsus insan haqqları ilə məşğul olan qurumların susqunluğunun əsas səbəbi hadisələrə ikili standartlarla yanaşması, xristian təəssübkeşliyi, erməni lobbisinin sistemli şəkildə ölkəmiz əleyhinə iş aparmasındadır: 

“Burada geosiyasi maraqların da mövcudluğunu inkar etmək olmaz”.