“Dünya Bankının Azərbaycanda layihələrə dəstək verməsi inkişafımızla bağlıdır”

“Azərbaycan beynəlxalq maliyyə institutları üçün etibarlı tərəfdaşdır və ölkəmizlə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur”. 

Bu fikirləri “Sherg.az”a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.

Birlik rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyevin pandemiya dövründə beynəlxalq əməkdaşlıq çərçivəsində keçirdiyi görüşlər xüsusi əhəmiyyətə malikdir:

“Cənab Prezident pandemiya dövründə mühüm videogörüşlər keçirib. Bu görüşlər ölkəmizin siyasi nüfuzu və iqtisadi inkişafı baxımından əhəmiyyətinin göstəricisidir. Cənab Prezidentin Dünya Bankının təşəbbüsü ilə bankın rəhbər şəxsləri ilə keçirdiyi videokonfransda bir daha beynəlxalq təşkilatların Azərbaycana göstərdiyi yüksək etimadı hiss etdik. Bu görüşlərdə ölkə başçısının nüfuzu və liderlik bacarıqları bizi qürulandırır. Prezidentin ixtisaslaşmış qurum rəhbərləri ilə keçirilən görüşlərdə həmin sahə ilə bağlı təklifləri və təşəbbüsləri, mütəxəssilər tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankının Azərbaycanda mühüm layihələrə dəstək verməsi ölkəmizdəki stabillik və iqtisadi inkişafla bağlıdır”.

Cəsarət Hüseynzadə vurğulayıb ki, Dünya Bankı 2016-cı ildə TANAP layihəsinə 800 milyon dollar kredit ayırıb: 

“Həmin kreditin 400 milyon dolları Azərbaycan dövlətinin zəmanəti ilə verilib. Dünya bankı tərəfindən ümumilikdə layihələrə 3,5 milyard dollardan çox vəsait ayrılıb. Cənab prezident də Dünya Bankı ilə əməkdaşlığı yüksək qiymətləndirib. Azərbaycanın gələcək üçün daha çox planın olduğunu, ölkənin müasirləşdirilməsi, iqtisadiyyatımızın qeyri-enerji sektorunun inkişaf etdirilməsi və infrastruktura investisiya yatırılmasının davam etdirilməsi ilə bağlı planlarının olduğunu bildirib. Ölkə başçısı dəfələrlə qeyd edib ki, Azərbaycanın inkişafı və sabitlik səbəbindən istənilən maliyyə qurumu Azərbaycana kredit verməyə hazırdır. Bu fikrin əyani sübutu kimi ölkə başçısının Dünya Bankının rəhbər şəxsləri ilə keçirdiyi videokonfransı hesab etmək olar. Prezidentin özünüməşğulluq proqramı ilə bağlı Azərbaycana dəstək göstərilməsinə dair müraciətinə dərhal cavab verilib. Həmin müraciət 2019-cu ilin yanvarında təqdim olunub. Bir ildən də az müddət ərzində artıq bütün hazırlıq işlərini tamamlanıb. Dünya Bankının özünüməşğulluq layihəsində iştirakı təxminən 100 milyon dollar həcmində olacaq. Bu il bu proqramın 15 minə yaxın şəxsi əhatə etməsi gözlənilir”. 

QHT sədri bildirib ki, Azərbaycanın beynəlxalq arenada yüksək nüfuzu iqtisadi inkişaf və stabilliklə yanaşı, inteqrasiya üçün açıq olması, beynəlxalq humanitar öhdəliklərə bağlı təşəbbüslərlə çıxış etməsi ilə bağlıdır:

“Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde bu səbəbdən ölkə başçısına təmsil etdiyi maliyyə qurumu adından verdiyi töhfəyə görə minnətdarlığını bildirdi. Anna Byerde Azərbaycanın ən yoxsul ölkələr üçün olan fondu  dəstəkləməyi Dünya Bankı tərəfindən çox yüksək qiymətləndirildiyini qeyd etdi. Videokonfranda toxunulan əsas məqamlardan biri də, “Doing Business” hesabatı ilə bağlıdır. Bildiyimiz kimi, Azərbaycan Dünya Bankının nüfuzlu "Doing Business 2020" hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilib. Hesabata əsasən, Azərbaycan "Doing Business" üzrə dörd sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bu sahələr əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsidir”. 

C.Hüseynzadə qeyd edib ki, Azərbaycan “Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək, ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksəlib: 

“Görüşdə bank rəsmisi  bu nəticələri  dəyişikliyin daha bir sübutu kimi qiymətləndirib. Cənab prezident “Doing Business”dəki mövqeyimizin  bizim üçün çox uğurlu sahələrə diqqəti cəmləmək üçün bir növ motivasiya olduğunu qeyd edib. Ölkə başçısının mövqeyi bir daha onu göstərdi ki, Azərbaycanın bu hesabatda vəziyyətin yaxşılaşdırmaqda əsas hədəfi geridə qaldığımız sahələrə diqqəti artırmaq, ölkədəki biznes mühitini daha da yaxşılaşdırmaq və daha çox investisiyalardan faydalanmağa nail olmaq olub. Bu isə ölkənin iqtisadi inkişafını üçün həyata keçirilən davamlı və strateji kursun əsas istiqamətlərindəndir”.