Təklif: “Banklar bir-birlərinin kartları ilə ödənişdən faiz tutmasın !” – REALDIRMI ? 

“Bu təklifin reallaşması ədalətsizlik olar” 

“Çünki banklar kommersiya qurumu olduğu üçün onların ödənişsiz xidmət göstərmələri düzgün olmaz”


“Banklar bir-birlərinin bank kartları ilə ödəniş edilən zaman faiz tutulması qaydasını ləğv etməlidirlər. Bir sözlə, ciddi təşviqat işləri aparılmalıdır ki, yeni model Azərbaycana da gəlsin”.
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda nağdsız ödənişə keçirilməsi ilə bağlı danışarkən deyib. Onun fikrincə, bankların bu məsələdə bir-birlərinə güzəştə getməsi müsbət mənada ciddi dəyişikliklərə səbəb ola bilər. 

 Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə “Sherg.az”a açıqlamasında bildirib ki, bu, mümkün deyil:

 “Qayda bütün dünyada eynidir. Ona görə istənilən ölkədə hər kəs öz bankından pul çıxarmağa çalışır. Əks halda ciddi problemlər meydana çıxa bilər”. 

 Ə.Həsənov səbəbləri izah edən zaman vurğuladı ki, səslənən təklifin reallaşması ədalətsizlik olar: 

“Şərti mənada “X” adamda “A” bankının kartının olduğunu nəzərə alaq. O, bunun üçün həmin banka ödəmə edir. Həmin kartla B bankından pul çıxaran zaman isə ödəmə edilmir. Məhz buna görə də faiz tutulur. Həm də əgər B bankı faiz tutmasa, hamı- A, C, D bankının müştərilə də ona üz tutar. Bu isə həmin banklara sərf etmir. Vətəndaşı nəzərə alaraq, A bankının öz müştərisinin ödənişini B-yə ödəməyini təklif edə bilərik. Yəni yük vətəndaşın yox, bankın üzərinə düşəcək. Ancaq, əlbəttə, bu da A bankının ürəyincə deyil. Deməli, ən ideal forma elə indikidir.  Hətta Mərkəzi bank da digər banklara nağd pulu faizlə verir. Çünki banklar kommersiya qurumu olduğu üçün onların ödənişsiz xidmət göstərmələri düzgün olmaz. Başqa sözlə desək, bankların ödənişsiz fəaliyyət göstərməsi onların maraqlarına uyğun deyil”.