“İsraildə səfirliyimizin açılması mütləqdir” - AKTUAL

“Orada səfirliyin açılması Azərbaycanı istəməyən qüvvələrə ciddi mesaj ola bilər”

“Həm də mənafeyimizi qorumaq istiqamətində qərarlı olduğumuzu göstərmiş olarıq”



"Azərbaycan İsraillə həm dost, həm də strateji tərəfdaş ölkələrdir. Hər iki ölkə tarixən bir-birinə bağlıdır və güclü iqtisadi əlaqələri var”. 

Bu sözləri “Sherg.az”a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.

İsrail prezidenti Reuven Rivlinin Azərbaycan dövlət başçısına göndərdiyi məktubla bağlı fikirlərini bəyan edən siyasi şərhçi bildirib ki, İsrail kimi bir ölkədə səfirliyimizin olmaması normal hal deyil: 

“Azərbaycan hər zaman istər qonşu, istərsə də müsəlman ölkələri ilə sıx əməkdaşlıq edir. Dövlətimiz İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. İsrailin neft tələbatının 40 faizini Azərbaycan ödəyir. Eyni zamanda İsraildən strateji silahlar alırıq. O baxımdan İsraildə səfirliyimizin açılması mütləqdir”. 

Analitikə görə, bu məsələdə yubanma İslam ölkələrinin düzgün qəbul etməyəcəyi ilə əlaqələndirilir: 

“İstənilən halda buna getməliyik. Hər dövlətin öz mənafeyi var. Düzdür, İsrail dövləti mövcud durumu anlayışla qarşılayır. Ancaq səfirliyin açılması ikili əlaqələri daha yüksək səviyyəyə qaldıracaq. Artıq Ermənistan da buna hazırlaşır. O səbəbdən qərarımıza yenidən baxmalıyıq. Səfirliyin açılması Azərbaycanı istəməyən qüvvələrə ciddi mesaj ola bilər. Həm də mənafeyimizi qorumaq istiqamətində qərarlı olduğumuzu göstərmiş olarıq”.