Sərt açıqlama: “Avropada texnologiya, bizdə isə Bayram Nurlu müzakirə olunur”

"Bayram Nurlu kimi zəmanəmizin “qəhrəmanları”nın videolarına 2-3 gün ərzindən yarım milyondan çox baxış olur”

“İntellektual cəmiyyət qurulsa, orada Bayram Nurlu kimilər “qəhrəman” ola bilməz”

“Bu şəxsin 25-30 yaşı var, bu qədər var-dövləti necə əldə edib?”



Dəbdəbəli həyatı, bahalı maşın və villaları ilə gündəmə gələnlərin sayı günü-gündən artır. Gənc yaşda olmalarına baxmayaraq bəziləri lüks yaşayışları ilə diqqət cəlb edir.
Çəkdirdiyi video və şəkillərdən, danışdıqları hər kəlmədən onların nə qədər pul xərclədikləri, yaşam tərzləri məlum olur. 
Yəqin, çoxları razılaşar, üzdə olan zəngin gənclərdən biri də Bayram Nurludur. Çox zaman sayılıb-seçilən, yeri gələndə lap yuxarı başda oturan, təzim edilənlər məhz Bayram Nurlu, Tolik və.s kimilərdir... 

Vəziyyəti dəyərləndirən kulturoloq Aydın Xan Əbilov “Sherg.az”a açıqlamasında bildirib ki, bu məsələdə əsas günahkar cəmiyyətimizdir. Onun sözlərinə görə, nə qədər ki, ölkəmizdə intellektual cəmiyyət formalaşmayacaq, o zamana kimi belə neqativ hallar baş verəcək:

“Bir çox insanlar onlara edilən bahalı hədiyyələr və lüks həyat ilə cəmiyyətin gözünə “kül üfürür”. Onlar yeni nəslin nümayəndələrini meşşancasına, heç bir iş görmədən hər şey əldə etmək baxımından həvəsləndirirlər, gənclərin əxlaqını, mənəviyyatını pozurlar. Təəssüf ki, cəmiyyətimizin özü Bayram Nurlu və onun tipdə olan digərləri ilə maraqlanırlar. Bayram Nurlu kimi zəmanəmizin “qəhrəmanları”nın videolarına 2-3 gün ərzindən yarım milyondan çox baxış olur. Günahkar həmin “qəhrəmanlardır”, yoxsa cəmiyyət?”. 

Kulturoloq bildirib ki, Azərbaycan cəmiyyətinin xüsusilə internetdə olan böyük hissəsinin intellektual, etik, mənəvi və əxlaqi tərbiyəsi arzuladığımız kimi deyil:

“Nədənsə Avropa və Rusiya vaynerlərinin çəkdikləri ilə bizimkiləri müqayisə aparanda dəhşətə gəlirik. Onların internet seqmentində virtual müzakirələrinə baxsaq görərik ki, bizimkilərdə ancaq yemək, gülmək, evləri və maşınlarını başqaların göstərmək var. Bütün bunlar cəmiyyətin ictimai düşüncəsinə mənfi təsir göstərir. Dəbdəbəli həyat tərzləri və maşınları ilə özlərini göstərən insanlarla niyə aidiyyəti dövlət orqanları maraqlanmır ? Bu şəxsin 25-30 yaşı var, bu qədər var-dövləti necə əldə edib?

Əldə etdiklərinə və yaxud ona bağışlanan əşyalara görə vergi ödəyibmi? Necə olur ki, məmurların var-dövləti ilə maraqlanırıq, amma bir çox meşşan təfəkkürlü, insanların əxlaqına mənfi təsir göstərən insanların əldə etdiyi mal-mülklə maraqlanmırıq? İnsanlar sual verir ki, “Niyə Bayram Nurlu və digərlərinə olan mənə olmaz? Necə olur olsun, mən də onların əldə etdiklərinə nail olmaq istəyirəm”. Bu hal Azərbaycanda böyük ictimai böhrandır. Dünyanın hər yerində belə məqamlar var, amma bizdə daha çoxdur. İctimaiyyət nümayəndələri olaraq bu cür mənfi təzahürlərə qarşı qəti etirazımızı bildirməliyik”.

A.X.Əbilov qeyd edib ki, Avropa ölkələrində elm və texnologiya ətrafında, Azərbaycanda isə “Bayram Nurlu”ların var-dövləti barədə polemikalar gedir: 

“Bir neçə ekstrasenslə televiziya verilişlərində müəyyən konfliktlərim olmuşdu. Onlardan biri də Bayram Nurlu idi. 3 il öncə  belə konfliktlərdən biri zamanı onları kəskin pislədim, qəti şəkildə tənqid etdim, hətta Bayram Nurlu ilə mübahisəmiz zamanı ona “gədə” sözünü dedim. Bu ifadə trend oldu və internetdə milyonlarla baxışı keçdi. İllər boyu mədəniyyət, ədəbiyyat, texnologiyalar, sosial-ictimai düşüncələr barədə rəy verirəm, baxışlar 10 mindən yuxarı olmurdu. Amma “gədə” trendi ilə həm İnstaqram, həm Feysbuk, həm də Yutubda milyonlarla baxış oldu”. 

Kulturoloq hesab edir ki, problem ictimai-sosial-mədəni düşüncəmizdədir:

“Bizdə oturuşmuş, inkişaf etmiş, səviyyəli və intellektual cəmiyyət qurulsa, orada Bayram Nurlu kimilər “qəhrəman” ola bilməz. Azərbaycan gəncləri var ki, ABŞ-da, Nasada işləyirlər, həkim kimi Nobel mükafatı alırlar, müxtəlif yeniliklərlə səs salırlar. Azərbaycanın daxilində də istedadlı gənclərimiz var. Onlar trend olmalıdır. Lakin özümüz-öz evimizi yıxırıq.

Bizə elə gəlir ki, yalnız Bayram Nurlu və digərləri cəmiyyətə mənfi təsir edir. Xeyr. Onlar haqqında filmlər çəkənlərdə, onları “qəhrəman” edənlərdə, müsahibə alanlarda da təqsir olur. Təəssüf ki, insanlarımızın düşüncəsində problem var.

Nə qədər ki, problemli insanlardan ibarət bir cəmiyyət olacağıq, qəhrəmanlarımız Mübariz İbrahimov yox məhz Bayram kimilər olacaq. Əslində isə qəhrəmanımız Bayram Nurlu yox, Mübariz İbrahimovdur”