Bəstəkar “ara mahnılar”ını tənqid etdi:“İnsanlara yaxşı musiqi vermək lazımdır ki...”

“Ara mahnılar”  və s. bir gün gedəcək.  Dinləyicilər qulaq asmadıqca unudulacaq”

"Televiziyalar da diqqət etməlidirlər, bayağı mahnıları yayınlamamalıdırlar”

“Həmişə yaxşı musiqi,söz, adam  öz yerini həyatda tutacaq.  Hər zaman yaxşılar  qalacaq...”


İndiki koronaviruslu günlərimizdə mənəvi cəhətdən yanımızda olan, ruhumuzu qidalandıran, bizi tək qoymayan dostlarımız çoxdur. Onlardan biri bəlkə də ən birincisi musiqidir. Axı musiqi ruhun qidasıdır, belədirsə ruhumuz niyə ac qalsın? İnsan özünü daim yaxşı musiqi ilə formalaşdırmalı, mənəvi aləmini təmiz saxlamalıdır.

Şübhəsiz, söhbət dinləməkdən gedirsə seçimlər müxtəlif ola bilir. Kimiləri  bəstəkar əsərlərinə üstünlük versə də, bəziləri  bayağı mahnılara qulaq asmaqdan zövq alır. Elə bu məqamda böyük bəstəkar Bethovenin sözlərini xatırlatsaq səhv etmiş olmarıq:

“Musiqinin əsl gücü insanı bəstəkarın xəyal dünyasına aparmasıdır...”

Maraqlıdır,  bayağı mahnıların dinləyiciləri hansı aləmə səyahət edir?  Bəs o əsl musiqilərimiz necə olacaq? Onları gələcək nəsillərə ötürülürmü ? 

Vaqif Səmədoğlu demiş:  “Sualların artması, cavabların tükənməsi məni incidir”

 Bizi narahat edən həmin suallara cavab tapmaq məqsədilə sevilən bəstəkar, xalq artisti Faiq Süccədinovla əlaqə saxlayıb, həmsöhbət olduq.
Qısa söhbəti təqdim edirik.

-Faiq müəllim, bu kritik zamanlarda  günləriniz necə keçir?

-Məlumdur ki,  koronavirus xəstəliyi ilə  vuruşuruq. Pandemiya dövrüdür,  vəziyyət  gərgindir evdə oturmuşuq.   Təbii ki, musiqi , yazmaq, yaratmaq davam edir.

- Musiqimizin gəldiyi hazırki, nöqtəni necə dəyərləndirirsiniz?

  - Vurğulamaq istədiyiniz, yaxşı və ya pis mahnılar  həmişə olub...

-Bəs pislərin  qarşısı necə alınmalıdır?

- Fikrimcə, televiziyalar da diqqət etməlidirlər, bayağı mahnıları yayınlamamalıdırlar. Onlar elə mahnıları nümayiş etdirməsə, siz də mənə belə sual ünvanlamazsınız.(təbəssüm edir) Hamısı zəncirvari, bir-biri ilə bağlıdır. İnanıram ki, həmişə yaxşı musiqi,söz, adam  öz yerini həyatda tutacaq.  Hər zaman yaxşılar  qalacaq...  

-Elə sizin bəstələriniz kimi...

-Bu gün dövlət televiziyasından zəng etmişdilər. 1995-ci ildə yazmışdım “Neylərsən” mahnısını  hələ də oxuyurlar. Eləcə də “Kaman”,  “Yalan”, “Narın-narın yağır yağış”, “Bilsən necə darıxmışdım”,  “Vətəndən pay olmaz”  və s. nələr, nələr yazmışam...  Hamısını sadalasam, dayanmaq mümkün olmaz.  Bax bu qalacaq, amma ara mahnılar  və s. onlar bir gün gedəcək.   Dinləyicilər qulaq asmadıqca unudulacaq.   İnsanlara yaxşı  musiqi vermək lazımdır ki, bu sual yaranmasın...

-Sizcə müasir dövrdə  yaxşı bəstəkarlar varmı?

-Təbii ki, “Bəstəkarlar ittifaqı”, Konservatoryada oxuyan tələbələrimiz var.  Bəlkə indi mahnı  yazmırlar, bəlkə də belə  deyil. Həyat davam edir, oxuyanlar da, yazanlar da var... 

-Bir də görürsüz müğənnilər əsər oxumaq istəmir... 

Sualımı tamamlamamış Faiq müəllim dərhal cavab verdi:

-İstəyirsən ki, məni bəzi məsələlərə məni  yönəldəsən. Nə o yaşdayam, nə də o  çəkidə..  Məni  oralara çıxarma, lazım olsa özlərinə deyərəm... 
Xüsusi olaraq  sənin, hörmətli “Şərq” qəzetinin suallarını cavablandırdım. 

-Sonda oxucularımıza , insanlarımıza nə tövsiyə edərdiniz? 

- Bütün  səhiyyə işçilərini təbrik etmək istəyirəm.  Dünən onların bayramı idi. Virusla apardığımız mübarizədə ilk cərgədə dayanan insanlardır. Gəlin, ondan danışaq, xəstələrimizə Allahdan can sağlığı diləyək ki, sağalsınlar və hər şey yaxşı olsun. Sənə də rəhmətlik İlhamə xanım demiş, qadın xoşbəxtliyi arzu edirəm...

Sənətkarın  alicənab sözlərindən sonra söhbəti dayandırıb, mehribancasına sağollaşmaq  istədim. Bu gözəl diləklər üçün təşəkkürlərimi bildirib, qısa müsahibəmizi zirvədə sonlandırdım. 

P.S. Biz də “Şərq” kollektivi olaraq dəyərli bəstəkarımıza uzun ömür, can sağlığı arzu edirik.  Hələ Azərbaycan xalqının Faiq Süccədinov kimi korifey sənətkarlara çox böyük ehtiyacı var.