Deyirlər ki, toy olmayacaq ! – “Günə ikicə  manat xərcləyirəm” – Müğənnilərdən sorğu !  


Bütün dünyada olduğu kimi Azərbaycanda da xeyli müddətdir, koronavirusun qarşısının alınması məqsədilə  xüsusi karantin rejimi tətbiq edilir.  Qaydalar yumuşaldılsa da, toy məclisləri, şənliklər və yığıncaqlarla bağlı qadağa hələ də götürülməyib.

Gəliri  toy- büsatlardan çıxan insanların maddi durumu isə pisləşir. Həmin sektorun işçiləri-ofisiantların, xadimələrin  və s. şəxslərin  maddi durumları ağırlaşmaqdadır. Təbii, onlar kimi məclislərin əsas aparıcısı sayılan  müğənnilərin də  maddi  sıxıntıları var.  

“Sherg.az” da bu məsəslə ilə bağlı müğənnilər arasında  sorğu keçirib.

“Tükənmiş durumdayıq”


Tanınmış müğənni  Nadir Bayramlı  maddi çətinliklərinin olduğunu təsdiqləyib:

“ Demək olar, tükənmiş durumdayıq.  Hamı kimi sıxıntımız var, başqa yerdən gəlirimiz yoxdur.  Neçə illərdir, toy məclisləri, ev şənliklərindən gələn qazancımla ailəmi dolandırıram. Bildiyiniz kimi pandemiya ilə bağlı mart ayından etibarən  işlər dayanıb.  Arzu edirik ki, yaxın vaxtlarda keçib gedəcək. “

“Günə ikicə  manat xərcləyirəm”


Sevilən sənətkar, əməkdar artist Yusif Mustafayev  maddİ sıxıntılarının olmadığını deyib:  

“Şükür Allaha ağıllı  insanam. Deyir ki, ağıllı insan düşdüyü çətinlikdən çıxır,  müdrik insan əvvəldən o çətinliyə düşmür... Allaha şükür çörəyimiz, suyumuz  var. Allah dövlətimizi var eləsin, prezidentimizin  ömrü uzun olsun, Allah balalarını saxlasın. O bizi qoruyur, biz də əl-ələ verməliyik ki, bu bəladan çıxaq. Qabaq günümə 10 manat xərcləyirdim,  indi  isə ikicə  manat xərcləyirəm. Eşitmişəm deyirlər bu qədər borcum var. Ağıllı insan həmişə ehtiyatlı olmalıdır. Məsəl var: “Ehtiyatlı igidin anası ağlamaz”.  Məndə heç  bir problem yoxdur, balalarım işləyir. Özüm də əməkdar   artist  olduğum üçün dövlətdən pul alıram.  Allah canını sağ eləsin mədəniyyət nazirliyi bizi nəzərə alır.  Şükür Allaha hər şey yerindədi, rahat dolanırıq. Nə qədər  olsa da biz dözməliyik ki, bu bəla çıxıb getsin.”

"Vəziyyət gərgindir”



Müğənni  Vaqif Şıxəliyev   söyləyib ki, əksər həmkarı kimi  maddi cəhətdən vəziyyəti gərgindir:

“İki aydan çoxdur ki, toy yoxdur. Görünür,  hələ   bundan sonra da olmayacaq.  Təbii ki vəziyyət yaxşı deyil. Arzu edirik ki, Allahın köməkliyi ilə yaxşı olar.  Çox böyük məbləğdə borclarım yoxdur.   İndi ölkədə hamı bu  vəziyyətdədir.  Allah böyükdür, yaxşı olar İnşallah...”